"Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib

"Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib Tədbirdə "Milli rəqslərimiz-milli dəyərimizdir" mövzusundakı müsabiqənin qalibləri mükafatlandırılıb
Media
10 İyul , 2015 12:34
Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz mövzusunda konfrans keçirilib

Bakı. 10 iyul. REPORT.AZ/ "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib.

“Report”un məlumatına görə, tədbir Azərbaycan Prezidenti Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə təşkil olunub.

Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, hazırki dövrdə Azərtbaycan media məkanı sərbəst və açıqdır. O vurğulayıb ki, Prezident İlham Əliyev mətbuata böyük dəstək verir.

Dünyada bəzi məsələlərə yanaşmada ikili standartların olduğunu deyən Ə.Qarayev bildirib ki, bəzi xarici KİV-lər Azərbaycanda demokratiyanın olmamasını iddia edirlər: “Amma öz ölkələrindəki problemləri görmürlər. Azərbaycanda mətbuatı tam müstəqildir. İstənilən mövzunu sərbəst şəkildə qabarda bilər. Reallıq budur”.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan mətbuatı milli-mənəvi dəyərlər məsələsində diqqətli olmalıdır, çünki bu, həssas məsələdir.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “Əkinçi” qəzetinin fəaliyyətindən danışıb. O bildirib ki, Azərbaycan mətbuat tarixinin formalaşmasında bu qəzetin rolu böyük olub.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icracı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışlarında Azərbaycan mətbuat tarixindən bəhs ediblər.

Sonda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz- milli dəyərimizdir" mövzusundakı müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

Son xəbərlər

Orphus sistemi