Yuxarı

Avropanın nüfuzlu portalı cəbhədə son hadisələrdən yazıb

Avropa İttifaqı regionda vəziyyəti dəyişdirmək və özünün təhlükəsizlik maraqlarını təmin etmək üçün mühüm rol oynaya bilər

Bakı. 7 aprel. REPORT.AZ/ Ermənistan-Azərbaycan təmas xəttində baş verən son hadisələrlə bağlı Avropanın nüfuzlu “EurActiv” xəbər portalında “The war between Armenia and Azerbaijan poses high risks to the EU” (Ermənistanla Azərbaycan arasındakı müharibə Avropa İttifaqına böyük risklər yaradır) başlıqlı məqalə dərc olunub.

"Report"un "EurActiv"ə istinadən verdiyi məlumata görə, məqalədə müəllif bildirir ki, Avropa İttifaqı regionda vəziyyəti dəyişdirmək və özünün təhlükəsizlik maraqlarını təmin etmək üçün mühüm rol oynaya bilər.

Müəllif öz yazısında mühüm bir sualla çıxış edərək, “bu vəziyyətə necə gəlib çıxmışıq və regionda davamlı sülhə nail olmaq üçün hansı konstruktiv addımlar ata bilərik?” deyə sorğu edir. Müharibənin necə başlamasından asılı olmayaraq, onun bugünədək vurduğu ziyanın ucsuz-bucaqsız olduğu, son onilliklərdə hər iki ölkənin öz hərbi sahələrinə böyük sərmayə yatırdığı, lakin Azərbaycanın müdafiə sahəsinə ayırdığı büdcənin Ermənistanın dövlət büdcəsindən iki dəfə artıq olduğunu vurğulayır. Sözügedən qarşıdurmaların müharibə müstəvisinə keçəcəyi təqdirdə, Avropa və Asiyanı birləşdirən regionun bu mənada oynadığı mühüm rolun məhvinə səbəb olacağını və dünya iqtisadiyyatına etdiyi inteqrasiyasına son qoyacağını bildirir. Eyni zamanda, şənbə günündən gedən döyüşlərin Aİ qonşuluğunda yerləşən digər iki dövlətin – Rusiya ilə Türkiyənin münasibətlərinin belə gərgin bir vaxtında, onlar arasında da dağıdıcı bir müharibənin başlamasına zəmin yarada biləcəyi ehtimalından bəhs edir.

Sadalananların baş verməməsi üçün münaqişənin həllinə bütün tərəflərin cəlb olunmasının zəruriliyini qeyd edən müəllif, bu istiqamətdə bir sıra vacib şərtlərin yerinə yetirilməsini zəruri hesab edir. Müəllif, cəbhəboyu atəşkəsə nəzarət edilməsi üçün çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini, qaçqın və məcburi köçkünlərin geri qaytarılmasını, bütün tərəflər, xüsusilə Dağlıq Qarabağ üçün etibarlı təhlükəsizlik təminatlarının hazırlanması, tərəflərin ərazi bütövlüyü məsələsinə hörmət edilməsi, işğal olunmuş ətraf rayonlarla bağlı məsələlərin həll edilməsi, son olaraq Dağlıq-Qarabağın statusunu müəyyən edəcək sazişin işlənib hazırlanmasını mütləq şərtlər hesab edir.

Məqalənin sonunda müəllif, Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun öz uğursuzluqlarını etiraf etməli, strategiyasını yenidən nəzərdən keçirməli olduğunu və bu istiqamətdə məhz Aİ ilə daha sıx əməkdaşlıq etməli olduğunu bildirir. O hesab edir ki, Aİ-nin Ali Nümayəndəsi münaqişənin həlli istiqamətində konkret və hiss olunan addımlar atmaqla Azərbaycan və Ermənistan ilə yeni siyasi sazişlər üzrə aparılmaqda olan danışıqları əlaqələndirərək sülh üçün müsbət stimul yaratmış və beləliklə mühüm rol oynamış olardı. Eyni zamanda, müəllif tərəfindən, Aİ-nin bu strateji regionun davamlı inkişafını möhkəmləndirəcək konstruktiv sülh sazişi üzərində işə başlamaq üçün ABŞ, Rusiya, Türkiyə və İranla aktiv əməkdaşlıq etməli olduğu da vurğulanır.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi