Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə iş baxışa verilib

Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə iş baxışa verilib Baxış iclası aprelin 15-də keçiriləcək
Media
8 Aprel , 2016 14:12
Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə iş baxışa verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Yasamal Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Q.Məhərrəmlinin vəkili Cavid Rzazadə prosesin yenidən təxirə salınmasını və işin baxışa verilməməsini istəyib. Vəsatət təmin edilməyib.

İş baxışa verilib. Baxış iclası aprelin 15-də keçiriləcək.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Hazırda işə Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baxılır. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. 

Xatırladaq ki, aprelin 1-də A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib. İclasda Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib. İş baxışa götürülməyib. Proses qeyri-müəyyən günə qədər təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb.

Son xəbərlər

Orphus sistemi