Yuxarı

​Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə başlayıb

İş baxışa götürülməyib

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin baxışa hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib.

Prosesdə Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib.

İş baxışa götürülməyib. Proses təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb.

Növbəti məhkəmə iclasının vaxtı bir həftə ərzində açıqlanacaq.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. Həmçinin A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi