Bakı. 13 iyun. REPORT.AZ/ AMEA-nın Dilçilik İnstitutu monitorinqə cəlb edilən saytların adını açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov “Saytların dil mənzərəsi” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, monitorinq nəticəsində 30-a yaxın sayt yoxlanılıb: "Monitorinq edilən Report, APA, Trend, Lent.az, AZƏRTAC, Axar.az, Moderator.az, Müsavat.com, Teleqraf.az, Modern.az, Bakupost.az, Arqument.az, Qaynarinfo.az, Milli.az, Qafqazinfo.az, İlkxəbər.org, Turkustan.info, Azpress.az, Azxəbər.com, Reaksiya.az, Aydınlıq.az, Cebhe.info, Minval.info və digər saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir".
Ş.Məmmədov deyib ki, fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur: "Nümunə olaraq göstərə bilərik: “Şəhərdə gəzərkən ehtiyyatlı olun”, “Rusiya açıqladı: 200 tonluq balistik raket...” “...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”, “...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib” və s. Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən, mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır. Məsələn, bir cümlədə eyni mürəkkəb adın iki formada yazılışı da bunu göstərir: “Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib” və s".
İnstitutun əməkdaşı vurğulayıb ki, saytlarda aşkarlanan səhvlər, əsasən, diqqətsizlikdən, göz yaddaşının zəifliyindən qaynaqlanır: "Bəzən isə redaktorun dil və qrammatik bilgisinin olmaması saytlarda ciddi səhvlərin getməsinə səbəb olur".
Ş.Məmmədov qeyd edib ki, son illərdə saytlarda məişət üslubu və danışıq dilinin üstünlüyü müşahidə edilir: "Ən çox da bu proses başlıqlarda özünü göstərir. Təbii ki, jurnalist çalışır başlığı yığcam versin, amma istənilən halda dil qaydalarına riayət etmək lazımdır".