Yuxarı

​AMEA media nümayəndələri üçün Yay məktəbi təşkil edib

Tədbir çərçivəsində müzakirələr aparılıb, suallar cavablandırılıb

Bakı. 12 İyul. REPORT.AZ/Bakı. 12 İyul. REPORT.AZ/ AMEA-nın Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyi münasibətilə media nümayəndələri üçün təşkil olunmuş Yay məktəbi başa çatıb.

"Report" xəbər verir ki, “Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Siyasət və Təbliğat Kampaniyası-2015” layihəsi çərçivəsində keçirilən və ölkənin tanınmış media orqanlarının nümayəndələrinin iştirak etdiyi “Science Activity-2015” adlı Yay məktəbinin ikinci günündə İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev giriş sözü ilə çıxış edərək yay məktəbinin ilk gününün uğurlu keçdiyini bildirib, hər bir media nüayəndəsinin təlimdə yaxından iştirak etdiyi üçün təşəkkürünü bildirib.

Sonra yeni media üzrə ekspert Ellada Mustafayeva təlim çərçivəsində “Sosial Media - Ənənəvi medianın online mediaya inteqrasiyası” adlı təqdimatla ilə çıxış edib.

Bildirib ki, sosial media bloqlar, eləcə də şirkətlər tərəfindən maliyyələşən çat və forumlar, müştərilərarası e-maillər, istehlak məhsulu və ya xidmət reytinqləri ilə bağlı sayt və forumlar, internet müzakirə lövhələri və forumlar, mikrobloqlar da daxil olmaqla çoxsaylı onlayn və şifahi forumları birləşdirir. Həmçinin, insanlara müxtəlif perspektivləri paylaşmaq, onlayn cəmiyyətlərdə informasiya təcrübələrini bölüşmək imkanı verir.

E.Mustafayeva Sosial Medianın açıqlıq, ünsiyyət, dialoq, əlaqələrin inkişafı, çoxsaylı səslər, mesajın tərəflərə ötürülməsi kimi xüsusiyyətlərinin olduğunu vurlayıb. Qeyd edib ki, sosial medianın məqsədi onlayn varlığını formalaşdırmaq, tədqiqat aparmaq, insanları məsələdən xəbərdar etmək, həm ənənəvi, həm də yeni media vasitələrilə əlaqə qurmaq üçün media əlaqələri təcrübəsindən istifadə etmək, müştərilərlə dialoqa girmək, yeni onlayn tərəfdaşlıqlar qurmaq, xarici və yerli auditoriya ilə əlaqələr yaratmaq, böhran hallarında kommunikasiya və böhrana nəzarət reputasiyanın qorunmasıdır.

Təlimçi yeni mediada PR mütəxəssisinin rolundan da danışıb. Bildirib ki, PR üzrə mütəxəssisin rolu öz iştirakı ilə dəyərli məlumat və perspektivə tövfə verməkdən ibarətdir. Vurğulayıb ki, sosial media vasitələrini gündəlik rejimin bir hissəsinə çevirməklə, onlayn şəxslərlə əlaqə yaratmaqla, onlayn kanalla dialoq qurmaqla, əvvəldən onlayn tərəfdaşlarla danışıb korporativ mədəniyyətin bir hissəsinə çevrilməklə, bütün sosial media platformaları, eləcə də ənənəvi KİV məzmununa uyğun olmaqla PR-in bu sahədə uğurunu təmin etmək olar.

Təlim dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra İƏEPİ-nin rəhbəri Zülfüqar Fərzəliyev çıxış edərək, tədbir iştirakçılarına minnətdarlığını bildrib, onlara gələcək fəaliyyətində uğurlar diləyib və bu cür tədbirlərin davamlı olmasını arzulayıb.

Sonda media orqanlarının nümayəndələrinə yay məktəbində fəal iştiraklarına görə AMEA-nın sertifikatları təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi