Yuxarı

Akademik Milli Dram Teatrının direktoru jurnalisti məhkəməyə verib

İsrafil İsrafilov jurnalistdən yazdıqlarını təkzib etməsini, üzr istəməsini və maddi təzminat ödəməsini tələb edir

Bakı. 16 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov jurnalist Ənvər Börüsoyu məhkəməyə verib.

O, "Report"a açıqlamasında deyib ki, Ə.Börüsoy Akademik Milli Dram Teatrı, onun özü və teatrın aparıcı aktyorları haqda həqiqəti əks etdirməyən və onların nüfuzuna zərbə vuran yazılar yazdığına görə belə bir addım atmağa məcbur olub: "Biz uzun müddət Ənvər Börüsoy adlı jurnalistin yazılarına cavab vermədik. Teatrın rəhbəri olaraq bu məsələni qabartmağı lazım bilmədim. Amma biz abrımızı qorumaq üçün susduqca qarşı tərəf böhtan və şər xarakterli yazılar yazmağa davam etdi. Sonuncu məqaləsi isə teatrın kollektivinin səbir kasasını lap daşırdı.

O, teatrın aparıcı aktyorları və şəxsən mənim barəmdə təhqiramiz ifadələr işlədib, uzun illər bu teatrda çalışan xalq artistlərinə "istedadsız" damğası vurub, Akademik Milli Dram Teatrının nüfuzuna xələl gətirib".

Direktor bildirib ki, Ə.Börüsoy bununla da kifayətlənməyib, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri barəsində həqiqətə uyğun olmayan məlumatlar əsasında məqalələr yazıb: "Demokratik dövlətdə yaşadığımıza görə bu məsələni qanun çərçivəsində həll etməyi lazım bildim. Ona görə də məhkəməyə müraciət etdim. Bundan sonrakı məsələlərə məhkəmə qanun çərçivəsində baxacaq və hüquqi qiymət verəcək. O, əməllərinə görə gedib məhkəmədə cavab verər".

İ.İsrafilov deyib ki, Ə.Börüsoyu Cinayət Məcəlləsinin işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqəti alçaltma, böhtan atma maddələri ilə məhkəməyə verib. Akademik Milli Dram Teatrının direktoru jurnalistdən yazdıqlarını təkzib etməsini, üzr istəməsini və maddi təzminat ödəməsini tələb edir. 

Xatırladaq ki, Ənvər Börüsoy son zamanlar yazdığı "Teatrın estetikasını və poetikasını bilməyənlər", "Dövlət Teatrı “şəxsi mülkiyyət”ə çevrilib", "Azdramanın azmış dramı" adlı məqalələrində Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru İsrafil İsrafilovu, aparıcı aktyorları, Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərini tənqid edib. Teatr hesab edir ki, həmin məqalələrdə qeyd olunanlar həqiqəti əks etdirmir və böhtan xarakterlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi