"Jurnalistlər arasında həmrəyliyin təmin edilməsində əsas öhdəlik jurnalist təşkilatlarının üzərinə düşür".
Bunu “Report”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
O bildirib ki, Azərbaycan mediasında jurnalistlər arasında həmrəylik böyük anlamda təmin olunub: "Media mənsubları vacib məqamlarda həmrəylik göstərə bilirlər. 44 günlük Vətən müharibəsi dövründə, eləcə də iki jurnalistimiz Kəlbəcərdə mina partlayışının qurbanına çevriləndə biz media həmrəyliyinin ən yüksək formasını gördük. Həmin məqamlarda hər kəs vahid mövqedən çıxış edib, həmrəylik göstərə bildi. Bununla yanaşı, jurnalistlərin həmrəylik nümayiş etdirməli olduqları məqamlar çoxdur. Hər hansı bir KİV qurumu, yaxud jurnalist hansısa problemlə üzləşəndə bu məsələlər əvvəlcə öz həmkarlarımız tərəfindən ictimailəşdirilməlidir".
M.Ələsgərlinin sözlərinə görə, jurnalistlər öz peşələrini qorumaq, hüquqları pozulmuş həmkarlarının hüququnun bərpa olunması üçün bir araya gələrək həmrəylik göstərməlidirlər: "Bu sahədə isə bəzi çatışmazlıqlar mövcuddur. Əlbəttə, jurnalistlərimiz öz həmkarlarının problemlərinə biganə deyillər, həmkarlarının problemlərini ictimailəşdirirlər. Amma bu, problemin aradan qaldırılması üçün birinci mərhələdir. Jurnalistikada mövcud problemlərin aradan qaldırılması üçün göstərilən həmrəylik yetərli deyil. Çünki Azərbaycanda jurnalistlər arasında həmrəyliyi təşkil etməli olan qurumlar, yəni, jurnalist təşkilatları öz funksiyalarını sonadək yerinə yetirə bilmirlər. Konkret addımların atılmasında müəyyən problemlər yaşayırlar. Buna görə də jurnalist təşkilatlarının funksionallığı xüsusi olaraq təmin olunmalıdır. Azərbaycanda jurnalist təşkilatları məsələsinə diqqət yetirilməlidir".
İttifaq sədri azərbaycanlı jurnalistlərin beynəlxalq media məkanında fəaliyyətini müsbət qiymətləndirib: "Jurnalistlərimiz beynəlxalq media məkanına inteqrasiya oluna biliblər. Bunun nəticəsidir ki, ölkəmizdə baş verən hadisələr dərhal beynəlxalq reaksiya doğurur".
Qeyd edək ki, bu gün - 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. 1943-cü il sentyabrın 8-də alman faşistləri tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib. Bu günün qeyd olunması ilə bağlı qərar 1958-ci ilin mayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində qəbul olunub.