Səfərbərlik Xidməti jurnalistləri mükafatlandırıb

Səfərbərlik Xidməti jurnalistləri mükafatlandırıb Azərbaycan milli mətbuatının 142-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Media
21 İyul , 2017 17:04
Səfərbərlik Xidməti jurnalistləri mükafatlandırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatının 142-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb. 

Z.Abdullayev bildirib ki, “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan mətbuat bu gün cəmiyyətimizi bütün sahələrdə informasiya ilə təmin etməyə nail olub. Xidmət rəisinin birinci müavini Ümummilli Lider Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi ilə müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlandığını qeyd edib: “Bu gün də mətbuata dəstək cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir”.

Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında daimi əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom və qiymətli hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi