“Reyestrin yaradılması media sahəsindəki qarışıqlığın səliqəyə salınması istəyindən irəli gəlir” - RƏY

“Reyestrin yaradılması media sahəsindəki qarışıqlığın səliqəyə salınması istəyindən irəli gəlir” - RƏY “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi indiki vəziyyətdə media sahəsində olan qarışıqlığın səliqə-sahmana salınması istəyindən irəli gəlir”.
Media
27 Sentyabr , 2022 14:20
“Reyestrin yaradılması media sahəsindəki qarışıqlığın səliqəyə salınması istəyindən irəli gəlir” - RƏY

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi indiki vəziyyətdə media sahəsində olan qarışıqlığın səliqə-sahmana salınması istəyindən irəli gəlir”.

Bunu “Report”a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında imzaladığı fərman “Media haqqında” qanunun tələbindən irəli gələn məsələ idi:

“Çünki həmin qanunda media mənsublarının, subyeklərinin, qurumlarının reyestri məsələsi var idi. Yeri gəlmişkən bu, könüllü şəkildə həyata keçiriləcək. “Media Reyestrinin aparılması Qaydaları”nın bir sıra üstünlükləri var. Təxminən, 1990-cı illərdə qeyri-hökumət təşkilatları bu yolu keçiblər. Həmin dövrdə QHT-lər Ədliyyə Nazirliyində reyestrdən keçməli idi və bu, vacib deyildi, hətta bu gün də vacib deyil. Bir sıra QHT-lər var ki, onlar qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Reyestrlə onların fəaliyyəti qanuni əsas alır”.

Yadigar Məmmədli
Yadigar Məmmədli

Onun sözlərinə görə, yeni reyestrin üstünlüyü odur ki, media qurumu öz məlumatlarını sistemə yerləşdirə bilirlər:

“Bu da şəffaflıq üçün vacib amildir. Əgər özünə hörmət edən media qurumu şəffaf işləyəcəksə, media prinsiplərinə riayət edəcəksə, fəaliyyətini o yöndə quracaqsa, onun media reyesterində olması üstünlük deməkdir. Qurum haqda məlumatlar açıq şəkildə olarsa müraciət edənlərin də sayı çox olar. Eyni zamanda gələcəkdə həmin media qurumları dövlətdən maliyyə yardımları ala bilərlər, ümumiyyətlə reyestrdən keçən qurumun həm özü, həm də jurnalistləri ipoteka və bank kreditləri güzəştlərindən yararlana biləcəklər.

Düşünürəm ki, yeni qaydalar indiki vəziyyətdə media sahəsində olan qarışıqlığın səliqə-sahmana salınması istəyindən irəli gəlir. Mediada yalnız peşəkarların, bu işə aidiyyatı olanların, cəmiyyətin inkişafına xidmət edənlərin, azad sözə xidmət edənlərin çalışmasını istəyiriksə, bu sahədə müəyyən işlər görülməlidir. Media reyestrinin yaradılması da bu istiqamətdə atılan addımlardan başlıcasıdır. Hesab edirəm ki, media qurumları öz iş prinsplərinə və etik qaydalara riayət etməldirlər. Bu halda fəaliyyətləri şəffaf ola, eləcə də xəbər keyfiyyətinin yaxşı olması nəticəsində reklam əldə edə biləcəklər”.

Son xəbərlər

Orphus sistemi