"Report"un komandası atıcılıq turnirinin qalibi olub

"Report"un komandası atıcılıq turnirinin qalibi olub Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında VII atıcılıq turnirinə yekun vurulub.
Media
447
7 May , 2022 16:25
Reportun komandası atıcılıq turnirinin qalibi olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında keçirilən VII atıcılıq turnirinə yekun vurulub.

"Report" xəbər verir ki, yarış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Dövlət Xidməti rəisinin birinci müavini, general-leytenant Zaur Abdullayev açıb. O, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. General-leytenant qeyd edib ki, ulu öndərin zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanın təhlükəsiz və firavan gələcəyinə təminat verən ordu quruculuğu olub: "Hələ sovetlər birliyi dövründə Bakıda hərbi məktəbin yaradılmasına nail olan ulu öndər azərbaycanlıların hərbi təhsil almaları üçün əlindən gələni əsgəməyib. İkinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gənclər arasında özünə inamı, vətənpərvərlik hissini, milli mübarizə əzmini və döyüş ruhunu yüksəltməyə nail olan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ordu quruculuğu istiqamətində görülən işlər öz səmərəsini verdi və Azərbaycan Silahlı Qüvvələri formalaşmağa başladı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində də çox mühüm işlər görülüb. Ulu öndər KİV-in mühüm rolunu həmişə yüksək qiymətləndirib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində mühüm işlər görülməkdədir. Buna görə də Xidmətimiz mətbuatla əməkdaşlığa hər zaman önəm verir. Ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması, müddətli həqiqi hərbi xidmətə çağırışın təşkilinin işıqlandırılması istiqamətində KİV-in fəaliyyətini yüksək qiymətləndiririk".

Daha sonra turnir açıq elan edilib və media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib. Yarışa hər biri 3 nəfərdən ibarət olan 14 media komandası qatılıb. Turnirdə iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Belə ki, birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib.

Yekunda yüksək nəticə göstərən "Report" İnformasiya Agentliyinin komandası turnirin qalibi olub. Yarışda II yeri "Azpress" xəbər saytının, III yeri isə "Səs" İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutub.

Qaliblərə kubok, medal, diplom və pul mükafatları təqdim edilib.

Son xəbərlər

Orphus sistemi