Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.
“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 13 il ötür.
2009-cu ilin sentyabrın 1-də yaradılan Modern.az Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.
Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən xəbər portallarından biridir.
Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Modern.az bir media quruluşu olaraq ötən 13 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.
Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.
“Report” İnformasiya Agentliyi Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!