Masallıda Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə onlayn tədbir təşkil edilib

Masallıda Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə onlayn tədbir təşkil edilib İyulun 22-də Masallıda Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.
Media
474
22 İyul , 2020 19:17
Masallıda Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə onlayn tədbir təşkil edilib

İyulun 22-də Masallı rayonunda Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, tədbirdə ölkəmizin aparıcı informasiya agentliklərinin, qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, yerli qəzetin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ziyalı və ağsaqqallar iştirak ediblər.

Tədbirdə çıxış edənlər jurnalistləri bu əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, böyük maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyulub. “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurub.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkəmizdə azad, demokratik və güclü mətbuat var.

Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının 30 iyun 2020-ci il tarixli Sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılanır.

Diqqətə çatdırılıb ki, dövlətimiz dünyanı cənginə almış koronavirus bəlasının davam etdiyi şəraitdə belə Azərbaycan milli mətbuatına, onun keçdiyi tarixi və şərəfli yola, müasir medianın inkişafına bu qədər önəm verir.

Onlayn tədbirdə jurnalistlərdən Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika" qəzeti), Pərvanə Əliyeva (AzTV), Rövşən Əzimov (Space), Asəf Əhmədov (“Report”), İsmayıl Cəfərli (ARB), Əlihüseyn Şükürov ("Yeni həyat" qəzeti), Zahir Əmənov (“Cənub xəbərləri”), Cəfər Cəfərov (“Asiya.az”), Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, 2 nömrəli Regional “Mətbuat Yayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev, Masallı şəhər 3 saylı, Xırmandalı və Qızılavar kənd tam orta məktəblərinin direktorları Mehriban Əzizova, Kamal Təhməzov, Lətifə Qənbərzadə dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən, pandemiya dövründə media təmsilçilərinin fədakarlığından danışıblar.

Jurnalistlər Masallı rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd edərək məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına, Masallıda ənənəvi olaraq keçirilən tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi