Jurnalistikada yüksək qonorar qazanmaq imkanı yaradan sahə - bir məqalə min dollar - ARAŞDIRMA

Jurnalistikada yüksək qonorar qazanmaq imkanı yaradan sahə - bir məqalə min dollar - ARAŞDIRMA Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
Media
1174
27 Mart , 2017 15:34
Jurnalistikada yüksək qonorar qazanmaq imkanı yaradan sahə - bir məqalə min dollar - ARAŞDIRMA

Bakı. 27 mart. REPORT.AZ/ Jurnalistikanın bir sahəsi də elmi jurnalistikadır. Dünyanın müxtəlif ölkələrində jurnalistikanın bu istiqaməti inkişaf edib və elmi jurnalistika üzrə ixtisaslaşan mütəxəssislər kifayət qədər qazanc əldə edirlər. Azərbaycanda isə bu sahə demək olar ki, yox səviyyəsindədir və yaranması, inkişafı üçün heç bir iş görülmür.

Filologiya elmləri doktoru, professor, media eksperti Qulu Məhərrəmli “Report”a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanda elmi jurnalistika, elmi problemlərin mediada işıqlandırılması ilə bağlı məsələlər arxa plana keçib: “Əvvəllər qeyd olunan məsələlərin mediada işıqlandırılması ilə bağlı Azərbaycanda müəyyən ənənə vardı. Çox təəssüf ki, müstəqillik illərindən sonra bu sahə gerilədi. Buna səbəb, jurnalistikamızda ixtisaslaşmanın olmamasıdır. Bununla bağlı tədris bazası mövcud deyil. Eyni zamanda, medianın, aparıcı qəzet və jurnalların bu məsələyə marağı yoxdur”.

Ekspert Azərbaycanda elmi jurnalistikanın mühüm problemlərindən danışaraq bildirib ki, elmi problemlərin arxa planda qalmasının səbəblərindən biri və ən əsası kommersiya faktorunun önə keçməsidir: “Ən ciddi məsələlərdən biri də bazar münasibətləridir ki, bu elmə də, biliyə də, maarifçiliyə də istər-istəməz zərər yetirir, arxa planda saxlayır”.

Q.Məhərrəmli bildirib ki, Azərbaycanda bəzi alimlər əvvəllər elmin populyarlaşdırılması istiqamətində əmək sərf ediblər: “Azad Mirzəcanzadə, Xudu Məmmədov və başqa alimlərimiz elmin populyarlaşması istiqamətində fəaliyyət göstəriblər. Amma çox təəssüf ki, onların işi elmi jurnalistikanın yaranmasına və genişlənməsinə təkan verməyib. Yəni, media buna maraq göstərməyib. Mən hesab edirəm ki, bu birbaşa peşəkarlıqla və maraqlarla bağlıdır. Bizim cəmiyyətin buna təlabatı var, amma media bu təlabatı ödəyə bilmir. Bunun üçün kadrları yoxdur, intellektual baza dayazdır və bunun üçün lazım olan maddi baza yoxdur”.

Qulu Məhərrəmli

Mütəxəssis qeyd edib ki, vaxtilə televiziyalarda elmi proqramlar olub, elmi mövzularda çox maraqlı verilişlər hazırlanıb: “Azərbaycan radiosunda “Elm” şöbəsi vardı. Həmin verilişlərdə dünya elminin aparıcı istiqamətləri, ölkədə elminin problemləri işıqlandırılırdı. Bunun üçün münbit şərait vardı və o sahə inkişaf edirdi. Amma hazırda nə o şərait, nə də o kadrlar var. Yəni bu sahayə sosial təlabat yoxdur”.

Ekspert qeyd edib ki, xarici jurnalların elmi məqalələrə yüksək məbləğdə qonorar verməsi stimullaşdırıcı addımdır: "Bu şərtlə ki, sənin apardığın tətqiqat, araşdırma, istiqamət ictimaiyyətdə müəyyən maraq doğursun. Bunun üçün elmin populyarlaşdırılması formaları tapılmalıdır. Bu kütləvi məsələ, əyləncə deyil və buna şəxsi keyfiyyətlər, dərin məntiq, araşdırma duyğusu, qavrayış, ifadə tərzi, təfəkkür, bilik lazımdır. Elmi jurnalistika ilə xüsusi adamlar məşğul olmalıdırlar. Azərbaycan elmi, təbiəti, xalq təbabəti və bunlarla bağlı ciddi mənbə, imkan, ehtiyat resurslarımız var. Bunları araşdırıb həm dünyanın malına çevirmək olar, həm də geniş oxucu auditoriyası maraqlı material əldə edər. Bu iş üçün təşkilatçılıq və səfərbər olunmaq lazımdır".

Azərbaycan elmini xarici mətbuatda ardıcıl işıqlandıran ilk jurnalist, Geologiya və Geofizika İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov “Report”a bildirib ki, elmi jurnalistika jurnalistikanın ən önəmli sahəsidir: “Bu elmi yenilikləri, nailiyyətləri asan (publisistik) üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Belə ki, jurnalist həmin nailiyyətlərlə bağlı araşdırma aparır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında" sadələşdirir və geniş oxucuya təqdim edir”.

O vurğulayıb ki, elmi jurnalistika Azərbaycanda mövcud deyil, universitetlərdə də tədris olunmur: “Ən maraqlı, önəmli, böyük auditoriya toplayan, çox məsuliyyət tələb edən, vaxt aparan, qonorar qazandıran məqalə və ya sənədli filmlər məhz elm əsasında hazırlananlardır. Məsələn, ən böyük auditoriya toplayan dedikdə etiraf etməliyik ki, "National Geographic", "Discovery", "Animal Planet" və digər jurnallar, həmçinin televiziya kanallarında izlədiklərimiz ictimaiyyətin hər təbəqəsinin diqqətini çəkir. Siyasət, iqtisadiyyat, idman, kriminal və şou-biznes mövzularından birini bəyənməyən ola bilər, amma elmi əsaslı təqdimatlar hər kəsin marağını cəlb edir. Hətta evdar qadınlar, fəhlələr də belə verilişlərə maraqla baxırlar”.

Səid Hüseynov

S.Hüseynov bildirib ki, 2006-cı ildən etibarən elmi-araşdırma məqalələri yazmağa başlayıb: “ABŞ-ın "Natural History" ("Təbiət tarixi"), İngiltərənin "NewScientist" ("Alim xəbərləri") jurnallarında məqalələrim dərc olunub və indiyə qədər də bu işi davam etdirirəm. Bugünlərdə “Natural History” jurnalının fevral nömrəsində Bilgəh zəfəranı haqqında elmi araşdırma məqaləm çap olunub. Müxtəlif ölkələrdən xeyli alim məqalələrimi oxuduqdan sonra internet ünvanıma məktublar yazırlar, azərbaycanlı həmkarları ilə müştərək tədqiqatlar aparmaq istəklərini bildirirlər. Ümumiyyətlə, ABŞ və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar, həmçinin yüksək məbləğdə qonorar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirdi”.

Jurnalistin sözlərinə görə, ABŞ və Avropada elmi jurnalistika məqalələrinə 1000-2000 dollar qonorar yazılır: “Elmi jurnalistika çox zövqlü, intellektual faydalı və qazanclı sahədir. Məsələn, əməkdaşlıq etdiyim “Natural History” jurnalı bir məqaləmə 1000 dollar qonorar yazır. Eyni məqaləni yerli qəzetlərə təqdim edirəm, 5, 10, 20 manat qonorar verirlər”.

Son xəbərlər

Orphus sistemi