Əli Həsənov: “Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər”

Əli Həsənov: “Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər” “Kanallardan biri Milli Məclisin deputatı Arif Rəhimzadəni efirdə təhqir edirdi”
Media
201
6 Oktyabr , 2017 13:23
Əli Həsənov: “Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov / Report/ Orkhan Azim

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Son zamanlar Azərbaycan dilinin normalarının pozulması tendensiya halını alıb. Azərbaycan hökuməti dilin normalarının qorunması üçün addımlar atır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, burada təkcə KİV-in deyil, hər kəsin məsuliyyəti var: “Burada təkcə televiziyaları günahlandırmaq olmaz. Çünki televiziya aparıcısı o yerə gələnə qədər xeyli mərhələdən keçib. Yəni, ailə, təhsil burada mühüm rol oynayır. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycan vətəndaşlarıdır. Biz çox istərdik ki, aparıcılar savadlı olsunlar. Bununla yanaşı, aparıcların görünüşlü olması da yaxşı haldır”.

Ə.Həsənov bildirib ki, son 10 ildə Azərbaycanda süni reytinq arxasınca qaçma bu işdə rol oynayıb: “Bu cür müzakirələrlə neqativ halların qarşısını almağa çalışırıq. Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanlar nümunə göstərmək lazımdır ki, onlar Azərbacan xalqını təmsil etmək iqtidarına malik olsunlar”.

Prezidentin köməkçisi KİV-də ixtisaslaşma məsələsinə də diqqət çəkib: “Bəzən olur ki, idmandan yazan jurnalisti tibb sahəsi ilə bağlı tədbirə göndərirlər. İdmandan yazan jurnalist həmin tədbirdən hansı materialı hazırlaya bilər ki?!”

O vurğulayıb ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 2013-cü il də qəbul edildiyini xatırladıb: “Həmin müddətdən sonra xeyli yeniliklər olub. Biz də baxmalıyıq ki, hansı dilimizə uyğundur, hansı uyğun deyil. İTV-də, AzTV-də maarifləndirmə proqramları olmalıdır. Bir müddət öncə, televiziya rəhbərlərindən biri Nuşirəvan Məhərrəmliyə müraciət edərək bildirmişdi ki, milli mənəvi dəyər nə deməkdir? Yaxşı ki, həmin televiziya artıq yoxdur. Yəni, bir televiziya rəhbəri bunu necə bilməyə bilər? Kanallardan biri Milli Məclisin deputatı Arif Rəhimzadəni efirdə təhqir edirdi. Heydər Əliyevin silahdaşlarından biri olan şəxsi necə təhqir etmək olar. Onun təhqir olunmasına səbəb türk dilinin türk dili, Azərbaycan dilinin isə Azərbaycan dili olduğunu deməsi olub. Bunlar yolverilməzdir”.

Son xəbərlər

Orphus sistemi