Ekstremal jurnalist: bir yerdə oturmağı sevməz, əlində mikrofon xəbər gəzər

Ekstremal jurnalist: bir yerdə oturmağı sevməz, əlində mikrofon xəbər gəzər Bu günün jurnalisti zamanını ofisdə keçirir. Yeyir, içir, xəbər hazırlayır, oturduğu kompüterdən heç 5 metr aralana bilmir. Xəbər axınla gəlir, onu gərək qarşılayasan, yoxlayasan, paylaşasan. Jurnalist dünyanı kiçik bir monitordan izləyir, amma nə tədbir
Media
15 İyul , 2022 15:44
Ekstremal jurnalist: bir yerdə oturmağı sevməz, əlində mikrofon xəbər gəzər

Bu günün jurnalisti zamanını ofisdə keçirir. Yeyir, içir, xəbər hazırlayır, oturduğu kompüterdən heç 5 metr aralana bilmir. Xəbər axınla gəlir, onu gərək qarşılayasan, yoxlayasan, paylaşasan. Jurnalistlərin əksəriyyəti dünyanı kiçik bir monitordan izləyir, amma nə tədbirə gedir, nə də reallıqda baş verəndən xəbəri var. O, mənzərəni bu pəncərədən görür, onunla dünyanı araşdırır.

Hadisə yerinə getmək dəbdən düşüb, çünki jurnalist xəbərin dalınca qaçmaqda maraqlı deyil, xəbər özü onun qapısına gələcək. Reportaj da bir janr kimi yoxa çıxır, çünki istənilən materialı evdən də hazırlaya bilərsən, bircə reportajdan savayı. Əgər reportyorsansa, mütləq hadisə yerində olmalısan, məlumatı özün əldə etməlisən. Ofisdə çalışırsansa, deməli hadisəni virtual olaraq müşahidə edirsən.

Ekstremal jurnalist başqa aləmdir

Amma hələ də çətin şəraitdə çalışan, hadisə yerinə polisdən öncə yetişən, münaqişə zonalarında çəkiliş aparan ekstremal və ya konflikt jurnalisti var. Adətən hər sanballı redaksiyanın belə jurnalistə ehtiyacı duyulur, amma hər KİV-də belə bir vakansiya yoxdur. Azsaylı komanda ilə çalışan media qurumu adətən elə internetlə gələn xəbəri emal edərək paylaşır, artıq bir əməkdaşı saxlamaqdan vaz keçir.

Ekstremal jurnalist başqa aləmdir, bir yerdə oturmağı sevməz, əlində mikrofon və kameranı gəzdirərək xəbər gəzər, tapa bilsə, həmin gün arxayın yatacaq deməli. O Azərbaycanı qarış-qarış gəzib. Qəribə də olsa, xəritədə belə görünməyən, naviqasiya ilə təyin edilməyən hər bir kiçik kənd barədə məlumatlıdır.

Ofis jurnalistinin hadisə yerinə getmək həvəsi olmadığı kimi ekstremal jurnalistin də ofisdə oturmaq istəyi yoxdur. Ona çöl, meşə, torpaq daha yaxındır, əzizdir. Bu tip əməkdaşı yetişdirmək asan deyil, çünki müvafiq psixoloji durumdan savayı jurnalist bacarığı olmalıdır. Redaksiyanın xəbər hazırlamaq, çəkiliş etmək tələbini də yerinə yetirməlidir.

Çöl-meşə təlimini uğurla bitirmək əsas şərtdir

Azərbaycanın heç bir təhsil ocağında konflikt jurnalisti hazırlayan ayrıca kurs yoxdur. Bu işlə ölkədə 2003-cü ildə “Dinc Dünya” Araşdırma Mərkəzinin yaratdığı "Konflikt jurnalistikası məktəbi" (KJM) məşğul olur. KJM-də təlim proqramı hər il davamlı olaraq 6 ay reallaşır, 3 mərhələdən ibarət olur. Auditoriya təlimindən sonra jurnalistlər qrup halında poliqona yollanırlar. Çöl-meşə təlimini uğurla bitirmək əsas şərtdir, bacarmadınsa, təlim diplomunu ala bilməyəcəksən.

Sona cəmi 22 iştirakçı ilə gəlib çıxdıq

KJM barədə ilk məlumatı onun yaradıcısı Əlisafa Mehdi ilə görüşdə əldə etmişəm. Tələbələrə ekstremal jurnalistikadan danışanda belə bir kursun olduğunu qeyd etmişdi. Nədənsə təlimə qoşulub-qoşulmamaq barədə bir qərar da verə bilmirdim. İlkin şərti də asan deyildi, yəni 6 ay boyu hər şənbə ya auditoriya təliminə gəlməlisən, ya da hansısa kənar yerdə baş tutacaq tədbirə getməlisən. Bir sözlə, komfort zonadan çıxıb özünü əziyyətə qatmalısan.

Auditoriya təlimi maraqlı alındı, neçə-neçə tanımadığım stringer, hərbi jurnalist, ekspertlə tanış olduq. Hər dəfə yeni bilik qazandıq, sıralarımız isə seyrəldi. Ekstremal sözü çoxunu qorxutdu, kimsə bir-iki dərs gəlib özünü əziyyətə vermək istəmədi, kimsə də adi bir testin öhdəsindən gəlməyib yarı yolda kənara çəkildi. Sona cəmi 22 iştirakçı ilə gəlib çıxdıq. Yəni orta hesabla 1 nəfərin qalması üçün 3 nəfər kursu öz xoşu ilə, yarımçıq tərk etdi. Çox yatmaq həvəsi, yaxın qohumunun toyu, özünə əminsizlik, kiçik bir büdrəmə kimi adi səbəbdən yoxa çıxanların sayı artdı.

Gənclərin iki ciddi problemi vardı: telefon və şəkər asılılığı

Layihənin ən ağır mərhələsi hərbi hissələrdə və poliqonlarda keçirilən 10 günlük təlimdə oldu. Bu mərhələni hamı dəf edə bilmədi, elə 5 nəfər yarı yoldan qayıtdı. Ofisdə çalışan jurnalistin, auditoriyadan kənara çıxmayan tələbənin 10 gün Azərbaycan Ordusunun hərbi hissələrində və poliqonlarında ekstremal vəziyyətə yaxın səhnələşdirilmiş şəraitdə reallaşan təlimdə davam gətirməsi əslində kiçik bir qəhrəmanlıqdır.

Hərbi hissədə, poliqonda, çöl-meşə təlimində nə baş verdi? Jurnalistlər hərbi hissənin durumunu birbaşa müşahidə etmək imkanı əldə etdilər, əsgər yataqxanasında yaşadılar, yeməkxanasında yedilər, sıranı pozmadan gəzməyi öyrəndilər. Səhər 5-də “qalx” komandası ilə idman etmək, ən azı 2-3 km qaçmaqla bədəni möhkəmləndirdilər. Hərbi texnikanı izləmək, döyüş zamanı tankla hərəkət etmək üçün tələb olunan qaydaları öyrənmək də lazım gəldi. Qida rejimi də dəyişdi, həyat tərzi də. Bu şəraitə dözmək xeyli güc tələb etdi, amma uyğunlaşa bildik.

Gənclərin iki ciddi problemi vardı: telefon və şəkər asılılığı. Hərbi hissədə, poliqonda smartfondan istifadə qadağandır, çünki yer bildirir. Telefonu ya təhvil verməlisən, ya da kazarmada saxlamalısan. Cəmi bir nəfər – İsa Taralov smartfonu ilk gün təhvil verib sonuncu gün götürdü. Telefon asılılığı daha çox xanımlarda özünü büruzə verdi, yemək-içmək yox, elə smartfon həsrəti ilə axşamı gözlədilər. Eynilə də xanımlarda şirniyyata meyillilik müşahidə etdim. İmkan olan kimi pulu şirniyyata, şəkərlə zəngin olan qazlı içkiyə sərf etdilər. Market görən kimi kişilər siqaret, xanımlar ətək-ətək şirniyyat almaq üçün növbəyə düzüldülər.

Güllə boş olsa da...

Təlimin son 5 günü çöl-meşə şəraitində reallaşdı. Bu, əsil imtahan oldu, bir çoxunun həm ruhu, həm də cismi möhkəmləndi. İmitasiya xarakterli döyüşdə, “mina” sahəsində, snayper atəşində sağ qalmaq üçün gərək əldən cəld olasan. Hər gün 10-15 km yol qət etmək adiləşdi. Atəş səsi belə təəccüb doğurmurdu. Güllə boş olsa da, səsi gur çıxırdı. Bacarığı olan meşədə, ağac kolunun dibində, daş-qayanın altında gizlənməli idi. Bəzən tapşırığı yerinə yetirmək üçün 5-7 təpə aşmalı, yıxılan yoldaşının əlindən tutmalı olurdun, çünki xəsarət almadan geri dönmək gərək idi, bunu da bacardıq.

Çöldə yaşamaq, ekstremal vəziyyətə dözmək insanı dəyişdirir. Başqa zaman bir kiçik yara günlərlə sağalmaz, amma burada orqanizm nədənsə yaranı elə bu gündən sabaha sağaldır. Bədənimdə heç bir ciddi yara izi görmədim. Hər gün zədələnib tez də sağalırdım. Təlim gününün sonunu hamı yatmaq üçün gözləsə də, heç kim bunu istəmirdi. Ocaq ətrafında mehribancasına söhbətləşmək, hərbi hissədən qurğu gələndə musiqi dinləmək, yorğun olsa belə, şıdırğı rəqs etmək istəyi çox güclü idi. Yallı getmək, danışıb gülmək, zarafatlaşmaq ağır şəraiti unutmaq üçün yaxşı vasitədir. Xoş bir an mütləq ağır xatirəni sıxışdırmaq üçün önəmlidir.

Belə bir təlim keçən insana adi həyatda rastlaşdığı “problem” mənasız görünür. Burada nəyisə dəyişmək, Bakıda qalan dərdini həll etmək mümkün deyil, sadəcə bu günü yaşamalısan. Suyun yoxdursa, su axtarmalı, acsansa, qida tapmalısan. Hələ dünən ağzını əydiyin qidanı sevinclə yeməlisən, heç nə tapmayanda qurbağanın dərisini soyub ocaqda qızartmalısan.

Bu təlimdə qəmli olmaq alınmadı. Şəkidən gələn jurnalist Vüqar Cəfərovun zarafat paketi bizi bir an belə darıxmağa qoymadı. Elə dedik-güldük.

“Report”un uşaqları

Təlimə Report Media Məktəbinin 4 məzunu – Günel Ayxan, Bəyim İsmayıl, Nəcməddin Quluzadə və Vüsal Arifsoy qoşulmuşdu. Reportçular auditoriya təliminə davamlı gəldilər, testlərdən keçdilər, poliqona hazır oldular.

Poliqon təlimində də geri qalmadılar, sonadək dözdülər. Günel ruh düşgünlüyünə qalib gəlib möhkəmləndi, qurbağanı belə basıb yedi. Arıq, nərmə-nazik Bəyim snayperdən yaxşıca gizlənə bildi. Hər tapşırıqdan üzüağ çıxdı. Nəcməddin əsgərlik öncəsi yaxşı bir hazırlıq mərhələsi keçdi, çətinlikdən qaçmadı, sonadək dirəşdi. Vüsal bir az qızdırdı, amma sağ qalmaq təlimində əlinə bıçıq alaraq dərin bir quyu qazdı, çöldə tapdığımız kartofu, ovlanan qurbağanı burada hazırladıq. Nə qədər dedim get, getmədi. İşi təhvil verdikdən sonra tibb məntəqəsinə güclə yola sala bildik.

Torpaqla təmas yoxsa...

Çöl təlimi bizə nə verdi? Ayağımız Vətən torpağına dəydi, bulaq suyundan içdik, meşəsində dağ çiyələyi, böyürtkən yedik, yarpız toplayıb çay dəmlədik. Vətənin iyini təmiz dağ havasından aldıq. Torpaqla təmas yoxsa, elə vətənpərvərlik hissi də yalnız sosial şəbəkədə asdığımız fotoda əks olunur, amma reallıqda nəyin baş verdiyini bilmirik. Peşə borcunu yerinə yetirən jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun mina partlaması nəticəsində şəhid olduğunu eşitmişik, amma mina sahəsini heç vaxt görməyən birisi kimi elə qaranlıqda gəzməkdə davam edirik.

Ekstremal jurnalist bir növ çöl adamıdır, dağda, dərədə yatar, Allah verəndən yeyər, torpağın qoxusu ilə güclənər. Belə olmasa, ağır şəraitdə sağ qala bilməz, ondan xəbər gözləyən redaksiyanın işi çətinə düşər. Münaqişə zonası, yanğın, zəlzələ, sel varsa, deməli konflikt jurnalisti üçün həyat var.

Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı yazı müsabiqəsinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi