​Dilçilik İnstitutu MTRŞ ilə birgə televiziyaların monitorinqinə başlayıb

​Dilçilik İnstitutu MTRŞ ilə birgə televiziyaların monitorinqinə başlayıb "Monitorinqin nəticələri noyabrın ilk ongünlüyündə açıqlanacaq"
Media
9 Sentyabr , 2015 16:49
​Dilçilik İnstitutu MTRŞ ilə birgə televiziyaların monitorinqinə başlayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu Milli Tеlеrаdiо Şurаsı (MTRŞ) ilə birlikdə televerilişlərdə ədəbi dil normalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Bu barədə "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq aparılan monitorinqdə xəbər və qeyri-xəbər verilişlərində ədəbi dil normalarına əməl olunmasının vəziyyətini öyrənmək nəzərdə tutulub: "Televiziya həm də şifahi dil normalarını yayan böyük nitq tribunasıdır. Hər gün yaşından və sosial vəziyyətindən asılı olmayaraq milyonlarla tamaşaçının izlədiyi TV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarına sözsüz əməl edilməlidir"

Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov "Report"a açıqlamasında bildirib ki, sentyabr-oktyabr ayları ərzində aparılacaq monitorinqin nəticələri noyabrın ilk ongünlüyündə açıqlanacaq: "Nəticələrlə bağlı tövsiyələrimizi hazırlayıb yayımçılara göndərəcəyik. Monitorinqin nəticələri telekanallara növbəti dəfə lisenziya veriləndə nəzərə alınacaq".

Aparat rəhbəri qeyd edib ki, ənənəvi olaraq monitorinqə cəlb edilən altı telekanalın siyahısına bu dəfə "Region TV"nin adı da əlavə olunub.

Son xəbərlər

Orphus sistemi