BDU-da informasiya agentlikləri ilə bağlı kitabın təqdimatı keçirilib

BDU-da informasiya agentlikləri ilə bağlı kitabın təqdimatı keçirilib Murad Əliyev: "Onlayn versiya tələbələrin kitabdan istifadə etməsi üçün daha geniş imkan yaradacaq"
Media
189
10 İyul , 2017 15:48
BDU-da informasiya agentlikləri ilə bağlı kitabın təqdimatı keçirilib
Report.az

BakI. 10 iyul. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Dünyanin aparıcı informasiya agentlikləri, Azərbaycan informasiya agentliklərinin yaranması və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı" adlı kitabın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə BDU-nun professor-müəllim heyəti, mətbuat orqanlarının rəhbərləri və başqaları iştirak ediblər.

Universitetin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir: "Kitab 3 hissədən ibarətdir. Kitabın ilk bölməsində dünyanın xəbər axını təmin edən əsas informasiya agentlikləri ətraflı şəkildə araşdırılır. İkinci bölmədə Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri, xəbər portalları, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatları tədqiqata cəlb olunur".

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev çıxışında kitabda aparıcı informasiya agentlikləri barədə sistemli şəkildə məlumat verildiyini qeyd edib. M.Əliyev həmçinin kitabın onlayn versiyasının da təqdim edilməsini təklif edib: "Jurnalistika statik deyil, dinamik sahədir. Bu kitabın onlayn versiyasının olması daha yaxşı olardı. Onlayn versiya tələbələrin kitabdan istifadə etməsi üçün daha geniş imkan yaradacaq, həmçinin mütəmadi olaraq yeni məlumatlarla zənginləşməsi üçün əlavə imkanlar yaradacaq".

"Modern.az"ın baş direktoru Elşad Eyvazlı belə bir kitabın jurnalistikanın inkişafına faydalı olacağını bildirib: “Biz tələbə olduğumuz zaman belə kitabları tapmaqda çətinlik çəkirdik. Bu kitab tələbələrimiz üçün böyük bir dərslikdir. Belə kitabların davamı gəlməlidir”.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli diqqəti kitabda yer alan beynəlxalq jurnalist təşkilatları bölməsinə yönəldib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət isə çıxış edərək kitabda Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlığının təhlil olunduğunu bildirib.

Jurnalistika fakültəsinin müəllimləri Allahverdi Məmmədov, Sevinc Əliyeva, Nəsir Əhmədli, Alxan Məmmədov, Sabir Məmmədov, İlham Mazanlı, Təranə Mahmudova, Akif Babayev çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

Sonda çıxış edən müəlliflər tədbirdə iştiraklarına, çıxışlara və təkliflərinə görə qonaqlara təşəkkürlərini bildiriblər.

Kitabda "Report" İnformasiya Agentliyinin fəaliyyəti haqqında da bəhs olunub. Qeyd olunub ki, "Report" İnformasiya Agentliyi müstəqil informasiya agentliklərindən biridir. Agentlik ölkənin və dünyanın siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ən vacib hadisələrini öz oxucularına Azərbaycan, rus və ingilis dillərində operativ şəkildə çatdırır. Saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir. Agentlikdə qeyd olunan sahələrin peşəkar və əhatəli işıqlandırılmasını təmin edən ixtisaslaşmış jurnalistlər çalışır. www.report.az saytı oxucuların rahat şəkildə xəbər əldə etməsi üçün bir sıra yeniliklər tətbiq edir.

Qeyd edək ki, kitabın müəllifləri BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Beynəlxalq jurnalistika kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova və Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərovadır.

Son xəbərlər

Orphus sistemi