AZƏRTAC və "Prensa Latina" agentliyi əməkdaşlıq memorandumu imzalayıb

AZƏRTAC və "Prensa Latina" agentliyi əməkdaşlıq memorandumu imzalayıb Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Kubanın Prensa Latina agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Media
27 Oktyabr , 2019 03:52
AZƏRTAC və Prensa Latina agentliyi əməkdaşlıq memorandumu imzalayıb

Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Kubanın "Prensa Latina" agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və "Prensa Latina" xəbər agentliyinin baş redaktoru Orlando Oramos Leon imzalayıblar.

Memorandum iki agentlik arasında informasiya və təcrübə mübadiləsini nəzərdə tutur. Agentliklər gündəlik olaraq Azərbaycan və Kubadan xəbərlərin ingilis və ispan dillərində qarşılıqlı yayılmasını həyata keçirəcəklər.

AZƏRTAC-da keçirilən görüş zamanı İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, sənəd dost ölkələr olan Azərbaycan və Kuba haqqında obyektiv məlumatların çatdırılmasına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək.

"Prensa Latina" xəbər agentliyi 1959-cu ildə yaradılıb. Ölkənin aparıcı informasiya təchizatçısı olan agentlik beş dildə - ispan, ingilis, rus, italyan və portuqal dillərində xəbərlər yayır. Agentliyin 30 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Bu baxımdan AZƏRTAC-ın "Prensa Latina" ilə əməkdaşlığı Azərbaycan haqqında xəbərlərin Latın Amerikasının ispandilli ölkələrində geniş yayılmasına təkan verəcək.

Orlando Oramos Leon qeyd edib ki, "Prensa Latina" 100 illik tarixə malik olan AZƏRTAC ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır və onlar bu memorandumun imzalanmasını çoxdan gözləyirdilər. Baş redaktor dünən əsası qoyulan əməkdaşlığın hər iki ölkə barədə etibarlı xəbər mübadiləsinə yol açacağını söyləyib.

Görüşdə AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik təcrübəsindən, medianın qarşılaşdığı çağırışlardan, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün əhəmiyyətindən danışılıb.

Sonda Orlando Oramos Leon görüş iştirakçılarının suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi