​“Azeri observer” jurnalının təqdimatı keçirilib

​“Azeri observer” jurnalının təqdimatı keçirilib Jurnal “Assa-İrada” Beynəlxalq Xəbər Agentliyi tərəfindən təsis edilib
Media
175
4 Mart , 2015 20:41
​“Azeri observer” jurnalının təqdimatı keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azeri observer” jurnalının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalın baş direktoru, əməkdar jurnalist, fəlsəfə doktoru Fazil Abbasov, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo, dövlət rəsmiləri, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri, yerli və xarici şirkətlərin təmsilçiləri iştirak ediblər.

Tədbiri jurnalın baş redaktoru Arslan Abbasov açaraq, jurnalın nəşr edilməsinin əhəmiyyətindən danışıb.

Təqdimat mərasimində çıxış edən Əflatun Amaşov bildirib ki, jurnalda Azərbaycanın iqtisadi, mədəni, elmi həyatı, onun qədim tarixi, turizm potensialı və tarixi abidələri, eyni zamanda, Azərbaycanda və dünyada baş verən mühüm iqtisadi, siyasi, tarixi hadisələrlə bağlı analitik yazılar, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları ilə bağlı məqalələr və müsahibələr də xüsusi yer tutur. Əsas məqsəd dünya xalqlarının bir–birilərini tanımasına, yaxınlaşmasına, inteqrasiyasına, sivilizasiyalararası dialoqa, dünyanın qloballaşmasına töhfə verməkdir.

Şura sədri qeyd edib ki, dünyada baş verən hadisələrə ikili standartlarla yanaşılan bir dövrdə bu jurnalın nəşr edilməsi çox böyük önəm daşıyır.

Mərasimdə həmçinin ingilis dilində nəşr olunan jurnalın yenicə fəaliyyətə başlamış İtaliya bürosunun iş prinsipləri də açıqlanıb. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo öz çıxışında jurnalın ölkəsi ilə əlaqələr yaratmasını yüksək qiymətləndirib. Səfir İtaliya-Azərbaycan əlaqələrindən məmnunluqla danışıb.

Jurnalın baş direktoru, əməkdar jurnalist, fəlsəfə doktoru Fazil Abbasov bildirib ki, Bakıdakı diplomatik korpusların rəhbərlərinə, elm, ədəbiyyat, incəsənətə də geniş yer ayrılan jurnalda karikatura bölməsi də öz əksini tapıb.

“Azeri observer” jurnalının hər sayı Beynəlxalq Media Mərkəzinin www.newspaperdirect.com saytında yerləşdirilir ki, bu da dünya oxucularına Azərbaycan gerçəklikləri ilə tanış olmağa imkan verir. Məlumat verilib ki, jurnal “Assa-İrada” Beynəlxalq Xəbər Agentliyi tərəfindən təsis edilib.

Qeyd edilib ki, büronun İtaliyada açılmasının səbəbi bu ölkənin Azərbaycanın Avropada ən önəmli tərəfdaşlarından biri olmasıdır. Jurnalda İtaliya-Azərbaycan əlaqələrini əks etdirən xüsusi bölmə var. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər iki ölkə arasında mədəni əlaqələr getdikcə inkişaf edir.

Jurnalın İtaliya bürosunun rəhbəri Covanni Bella İtaliya-Azərbaycan əlaqələrindən, jurnalın iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində oynayacağı roldan danışıb.

Son xəbərlər

Orphus sistemi