Bakı. 7 oktyabr. REPORT.AZ/ “Azercell” və “Kaspi” təhsil şirkətinin jurnalistlər üçün birgə təşkil etdiyi növbəti ingilis dili kursunun başa çatması ilə bağlı mətbuat konfransı keçirilib.
“Report”un məlumatına görə, konfransda “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev, onun müavini Aydın Əliyev və şirkətin digər məsul şəxsləri iştirak edib.
“Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev deyib ki, bu layihə ənənə halını alıb, növbəti illərdə də davam etdiriləcək: “Biz “Kaspi” təhsil şirkəti ilə əməkdaşlıqdan məmnunuq. Jurnalistlərin ingilis dili biliklərini artırmasını və onlara bu şansın yaradılmasını təqdirəlayiq hal hesab edirik”.
“Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev “Azercell”in jurnalistlər üçün ingilis dili kursları təşkil etməsinin təqdirəlayiq hal olduğunu deyib: “Kurslar “Kaspi” Təhsil mərkəzlərində peşəkar yerli və əcnəbi müəllimlər tərəfindən keçirilir. İldə 60-dan çox jurnalist bu layihədə iştirak edir. Hər il yüksək nəticə göstərən iki jurnalist pulsuz ikihəftəlik Londonda ingilis dili kursuna göndərilir”.
O bildirib ki, bu il 73 jurnalist xarici dil üzrə “Kaspi” təhsil şirkətində ingilis dili kursu keçib.
Konfransın sonunda daha fəal və nəticəsi yüksək olan iki jurnalistin - “Palitra” qəzetinin əməkdaşı İlkin Ağayev və ATV telekanalının əməkdaşı Səma Əhmədovanın Londona ikihəftəlik ingilis dili kursuna göndərilməsi üçün razılıq verilib, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.
Tədbirdə bildirilib ki, layihə davam etdiriləcək, növbəti qeydiyyat prosesi oktyabrın 8-dən oktyabrın 21-dək olacaq.