Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib.
“Report”un məlumatına görə, iclasda Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun “M-Media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Məlum olub ki, yazıda H.Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılayıcı ifadələrlə təhqirlərə məruz qalıb. Komissiya üzvləri məqalədə qəzəbin, qərəzin, məqsədyönlü təqdimatın özünü qabarıq büruzə verdiyi rəyinə gəliblər. Sayta Azərbaycan Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin “Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb.
Daha sonra Beyləqan rayon Təhsil Şöbəsinin “yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb.