Amsterdamda Azərbaycan mediası və diasporunun debatı keçirilib

Amsterdamda Azərbaycan mediası və diasporunun debatı keçirilib “Report” İnformasiya Agentliyinin baş redaktoru panel iclasda çıxış edib
Media
27 Fevral , 2018 20:59
Amsterdamda Azərbaycan mediası və diasporunun debatı keçirilib
Report

Amsterdam. 27 fevral. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) Amsterdamda keçirilən növbədənkənar qurultayında "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" adlı panel təşkil olunub. 

"Report"un məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media və diaspora görüşünün bu şəkildə təşkilini zəruri və təqdirəlayiq addım hesab edib. Onun sözlərinə görə, bir sıra aparıcı KİV-lər diasporla həmişə birlikdə çalışmağa hazırdır və daim onlardan təkliflər gözləyir: “Ötən gün Xocalı soyqırımı ilə bağlı təşkil olunan rekviyem diqqətə layiq idi. Çünki kütləvi etirazlardan, digər ənənəvi aksiyalardan fərqli idi. Bəzən ənənəvi tədbirlərdən fərqli olaraq, musiqinin dili ilə daha fərqli insanlara həqiqətləri çatdırmaq olur”. 

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı dövlətin mediadan gözləntisinin dəfələrlə Prezidentin köməkçisi Əli Həsənov tərəfindən səsləndirildiyini xatırladıb. O bildirib ki, rəhbərlik etdiyi holdinq Diasporla İş üzrə Dövlət Komitəsi ilə ən sıx işləyən media qurumlardan biridir: "Komitə, diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin son dövrlərdəki bütün fəaliyyətlərini yaxından işıqlandırırıq. Xüsusilə AAK prezidenti Sahil Qasımovun son dövrlərdəki fəaliyyəti və bizi də dəvət etməsinə görə təşəkkür edirik. Demək olar ki, dünyada olan diasporumuzun fəaliyyətini yaxından izləyirik”. 

V.Mahirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır. O deyib ki, 2 aprel hadisələri zamanı ermənilər həm də sosial mediada diversiya edirdilər: “Belə anlarda diaspor təşkilatları bizimlə birgə olmalıdırlar: "Öz səhifələrində xarici dillərdəki xəbərlərimizin haştaqlarla yayılmasında fəal olsunlar. Yaxşı olardı ki, bu məsələdə diaspordan könüllülər qrupu yaradılsın. Bu da bizim informasiya işimizə çox yaxşı dəstək olardı. Ümumiyyətlə, diasporun işi yaşadıqları ölkədə hər kəsin fikrini tək-tək qazanmaqdır".

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Quliyeva vurğulayıb ki, rəhbərlik etdiyi media qurum diasporla çox sıx əməkdaşlıq edir: “Xaricdə yaşayan soydaşlarımız yerli mətbuatla, yerli siyasətçilərlə yaxından təmas qursalar, bu, daha çox faydalı olar. Sosial şəbəkələrdə Azərbaycanın ənənəvi günlərində yerli siyasətçiləri, tanınmış adamları birgə fəaliyyətə cəlb etsinlər. Bu məsələdə biz media olaraq nə lazımdırsa, birgə əməkdaşlığa hazırıq. Rəhbərlik etdiyim media qurum nisbətən gənc olsa da, artıq Azərbaycan mətbuatında kifayət qədər oxucu qazanıb. Bu da bütün sahələrə diqqət yetirməyimizin məhsuludur. Eyni zamanda diasporla da birgə fəaliyyəti daha da inkişaf etdirməyə hazırıq”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təmasını, xüsusilə də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirib: “Cənab Prezident İlham Əliyev də dünya azərbaycanlılarının son qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Biz çox yaxşı olardı ki, müxtəlif ölkələrdəki diasporumuz vasitəsilə həmin ölkələrin jurnalistləri ilə ya Bakıda, ya da öz ölkələrində görüşlər, layihələr həyata keçirək. Bu da ona gətirib çıxarar ki, Azərbaycanla bağlı həqiqətlərin yayılmasında artıq yaxın həmkar kimi onların fəaliyyətindən daha asanlıqla yararlana bilərik”. 

M.Əliyev həmçinin xarici media orqanlarında azərbaycanlı jurnalistlərin fəaliyyət göstərməsinə nail olunmasının zəruriliyini və bu sahədə diaspor təşkilatlarını fəal olmağa çağırıb.

“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər xarici mediada azərbaycanlıların əməkdaş kimi çalışmasının vacibliyindən danışıb: “Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırq. Amma bütün bunlar Azərbaycan həqiqətlərinin yayılmasına kifayət etmir. Yaxşı olardı ki, xarici mətbuatda azərbaycanlıların yer alması, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər. Bəzən bir sıra diaspor təşkilatlarımız bizim onların fəaliyyətinə yer verməməyimizdən şikayət edirlər. Amma biz həqiqi fəallığı olan bütün diaspor təşkilatlarımızı izləyirik”.

“İnterpres.az” saytının baş redaktoru rəhbəri Toğrul Allahverdili də diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndirib.

“Haqqın.az” və “Virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıqları ölkələrin mədəniyyətlərinə assimilyasiya olmağa, eyni zamanda həmin ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb. O qeyd edib ki, diaspor nümayəndələrimiz qəlbində Azərbaycan sevgisini yaşatmaqla yanaşı, yaşadıqları ölkələrin cəmiyyətinin bir parçası olmağa çalışmalıdırlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq, sosial media qəhrəmanları da peyda olub: “Heç bir praktik fəaliyyəti yox, ancaq sosial şəbəkədə hər gün nəsə yazıb diqqət çəkir, hətta şikayət də edir ki, biz ona diqqət göstərmirik. Ona görə də mən mediamızdan xahiş edərdim ki, diaspordan yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işqlandırdıqları diaspor adından danışan kimdir”. 

Dövlət Komitəsinin sədri eyni zamanda media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəyərləndirib və dəstəkləyib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyəti son dərəcə mühümdür: "Diasporla İş üzrə Dövlət Komitəsinin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirəlayqidir. Gələcəkdə digər tədbirlərdə də media ilə bağlı oxşar panelin təşkil olunması vacibdir. Vaxtilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə fəaliyyət göstərən, yeni müstəqəlləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası çox peşəkar kollektivlərdən ibarətdir. Bugünkü mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilir. Azərbaycanın milli dövlət maraqlarının qorunması, eyni zamanda informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir".

Son xəbərlər

Orphus sistemi