Akif Təvəkküloğlunun həmmüəllifi olduğu kitabın təqdimatı keçirilib

Akif Təvəkküloğlunun həmmüəllifi olduğu kitabın təqdimatı keçirilib "Kitabın dərs vəsaiti kimi istifadəsi də nəzərdə tutulur"
Media
9 İyun , 2015 14:50
Akif Təvəkküloğlunun həmmüəllifi olduğu kitabın təqdimatı keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu və Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadənin birgə müəllifliyi ilə nəşr olunan “Azərbaycan jurnalistikasının tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu kitab Azərbaycan mətbuat tarxinə bir baxışdır.

O, “Azərbaycan jurnalistikasının tarixi” haqqında məlumat verərək bildirib ki, kitabda Azərbaycan mətbuatı bir neçə istiqamətdə araşdırılıb: “Kitabda Azərbaycan mətbuatının “Əkinçi” qəzeti ilə başlanıldığı qeyd olunub. O dövrdə nəşr olunan qəzetlərlə bağlı məlumatlar verilib. Sonra sovet və müstəqillik əldə etdikdən sonrakı dövrə baxış keçirilib. Kitabda redaksiyalarla, jurnalist təşkilatları ilə bağlı bir sıra qeydlər var. Kitab universitetlərə də paylanılacaq və dərs vəsaiti kimi istifadəsi nəzərdə tutulur”.

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Əjdər Ağazadə mətbuatın cəmiyyətdəki roluna toxunub. O bildirib ki, Azərbaycan jurnalistikasının tarixi ilə bağlı bu cür kitabların yazılması vacibdir.

Professor Cahangir Məmmədli deyib ki, kitabın müəlliflərinin tanınan olması kitaba marağı daha da artırır: “Əvvəlcə kitabın müəllifinə diqqət edirlər, sonra kitaba maraq göstərirlər. Bu kitabın hər fəslinə bir kitab həsr etmək olar. Belə kitabların nəşr olunması müsbət addım kimi qiymətləndirilməlidir”.

Tədbirdə digər iştirakçılar da kitabla bağlı fikirlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi