Yuxarı

Kənan Yavuzun dəstəyi ilə Türkiyədə film çəkilir

Bu tarixi film türklərin rus işğalı zamanı yaşadıqları torpaqlardan köç etməsinə həsr olunub

Bakı. 26 mart. REPORT.AZ/ Türkiyədə XX əsrin əvvəlində rus işğalı zamanı vətən torpaqlarından köç etmək məcburiyyətində qalan bayburtluların hekayəsi ekranlaşdırılacaq.

“Report”un türk mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey"in rəhbəri Kənan Yavuzun babası Səid Yavuzun həyat hekayəsi əsasında yazılan ssenari ilə işğaldan əvvəl, işğal, miqrasiya və köçsonrası dövr kinolentə alınacaq.

“Bu film vasitəsi ilə həm tariximizi bir dəfə daha doğru və obyektiv şəkildə tamaşaçının qarşısına çıxaracağıq, həm də Bayburtun mədəni həyatını göstərmiş olacağıq. Filmdə 1913-1918-ci illərdə qədim torpaqlarda yaşanan tarixi acılar ağ pərdəyə köçürüləcək”, - deyə K.Yavuz qeyd edib.

Bu filmdə əsasən Bayburtun Beşpınar kəndində yaşayan Səid Yavuzun hələ yeni evli olduğu vaxtlarda Sarıqamış Hərəkatına qoşulması, ruslara əsir düşməsi, bu əsarətdən qurtulub doğma vətən torpaqlarına qayıdanda işğal illərində mühacirət etmək məcburiyyətində qalan ailəsini axtarması yer alıb.

K.Yavuz filmin rejissoru, ssenari müəllifi və quruluşçu komandası ilə çəkilişlərin reallaşacağı Bayburtda araşdırmalar aparır.

Filmin rejissoru Cəm Akyoldaş isə bildirib ki, hadisələrin baş verdiyi Bayburt və ətraf ərazilərin mövcud şərtləri o dövrü əks etdirəcək: "Bu ərazilər təbii bir film yaylasıdır. Şəhərin təbiəti, rəngləri və havası həmin dövrü, çətinlikləri, sıxıntıları əks etdirmək üçün çox əlverişlidir. Təxminən 8 həftəlik çəkiliş prosesimiz var. İyul və avqust aylarında baş tutacaq çəkilişlərdən sonra qış səhnələri çəkiləcək. Bu səhnələri çəkmək üçün yenidən noyabr-dekabr aylarında Bayburtda olacağıq. Filmdə təxminən 1 000 nəfər çəkiləcək. 2017-ci ilin fevral ayında film geniş tamaşaçı kütləsi qarşısına çıxarılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi