Yuxarı

Rusiyada Nizami Gəncəvi gecəsi keçirilib

​Tədbir Çuvaş Respublikasında müxtəlif xalqların “Birlik günü” çərçivəsində baş tutub.

Bakı. 6 noyabr. REPORT.AZ/ Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarı şəhərində ölkədə yaşayan müxtəlif xalqların “Birlik günü” çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib.

"Report"un Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Çuvaş regional bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Çuvaş Respublikasının başçısı Mixail İqnatyev, dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər qurumların nümayəndələri iştirak edib.

Respublikanın mədəniyyət naziri Vadim Yefimov iştirakçıları təbrik edərək “Birlik günü” dövlət bayramının millətlərarası sülhün qorunub saxlanılmasında böyük rol oynadığını və tədbirin əhəmiyyətini qeyd edib.

Daha sonra iştirakçılar dəyirmi masa arxasında ölkədə yaşayan xalqların inkişafı ilə bağlı müzakirələr aparıblar. ÜAK-ın Çuvaş regional bölməsinin rəhbəri Əziz Bədirov "hər millətin sərvəti onun mədəniyyətinin zənginliyi ilə müəyyən edilir" fikrinə söykənərək xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün milli-mədəniyyət və ənənələrin qarşılıqlı zənginləşməsini təmin etməyin vacib olduğunu bildirib.

Regional bölmənin rəhbəri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin inkişafına, regionda Azərbaycan diasporunun inteqrasiyasına, ÜAK-ın Çuvaş regional bölməsinin mədəniyyət və təhsil layihələrinin reallaşmasına göstərdiyi dəstəyə görə Çuvaş Respublikasının başçısı Mixail İqnatyevə Diasporla İş üzrə Dövlət Komitəsi adınan təşəkkürnamənə və Azərbaycan milli mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edilib.

Daha sonra ictimai fəaliyyətinə və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi töhfələrə görə ÜAK-ın Çuvaş regional bölməsinin rəhbəri Əziz Bədirova Çuvaş Respublikasının başçısı tərəfindən təşəkkürnamə təqdim olunub.

Tədbir Dövlət Opera və Balet teatrında təntənəli konsert proqramı ilə yekunlaşıb.

Xatırladaq ki, 2012-ci ildə Çeboksar şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi qeyd olunmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi