Yuxarı

Rəfiq Zəka Xəndanın 75 illik yubileyi qeyd olunub

Tədbirdə şairin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Filarmoniyasında dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor, şair Rəfiq Zəka Xəndanın 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

"Report" xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, "ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov və AMEA-nın müxbir üzvləri, o cümlədən bir çox elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə R.Xəndanın zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılıb.

Yubiley tədbirini mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, R.Xəndanın Azərbaycan ədəbiyyatına xidmətlərindən bəhs edib: "R.Xəndan türkçülüyə olan sevgisini ömrün son günlərinə qədər qəlbində daşıdı. Hər zaman türkçülüyü təbliğ etdi. Onun 37 ildə 29 adda kitabı nəşr etdirilib. İki opera, iki musiqili komediyanın librettosunu yazıb və 300-dən çox mahnı mətnlərinin müəllifidir.

Tənqidçi Vaqif Yusifli çıxışnda R.Xəndanın Mikayıl Müşfiqə həsr etdiyi əsərindən danışıb: "Sovet dövründə çoxları M.Müşfiqin adını çəkə bilməyəndə R.Xəndan onun haqda dəyərli bir əsər yazmışdı". O, R.Xəndanın güclü hafizəsinin olduğunu qeyd edib: "Yaddaşı olmayan ədəbiyyat yaddaşı olmayan xalq kimidir".

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair Fikrət Qoca çıxış edərək, R.Xəndanın Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün etdiyi fədakarlıqlardan danışıb.

R.Xəndanın ailəsi adından qardaşı, AMEA-nın vitse-prezidenti akademik Akif Hacıyev çıxış edib.

Yubileyin bədii hissəsi bitdikdən sonra R.Xəndanın şeirləri səsləndirilib, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunub.

Qeyd edək ki, R.Xəndan Beynəlxalq Atatürk mükafatı laureatıdır. Sovet dövründə Türkiyədə onun əsərləri çap olunub. Heca və əruz vəznlərində yazan ədibin əsərlərinin əsas mövzusu türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət olub. O, "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi