Yuxarı

Azərbaycanlı rəssam Fransa və Avropanın 2016-cı ildə ən yaxşı rəssamı statusunu qazanıb

Nigar Nərimanbəyovaya təqdim edilən mükafata indiyədək müxtəlif ölkələrdən 36 rəssam layiq görülüb

Bakı. 8 iyun. REPORT.AZ/ Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun “TOİLE D'OR” ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.

“Report”-un məlumatına görə, N.Nərimanbəyova tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun qızıdır. Atasının davamçısı olan N.Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusu qazanıb.

N.Nərimanbəyova bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı ART EN CAPITAL layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.

ART EN CAPITAL-ın əsas və yeganə mükafatı olan TOİLE D'OR 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36 rəssam layiq görülüb.

Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.

Bu gün dünya miqyaslı rəssamların siyahısına qızıl hərflərlə azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu qələbəsi müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.

Nigar Nərimanbəyova deyib: “Bu xəbərdən inanılmaz həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. İndi azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə həmişə ilham verir və məni xoşbəxt edir”.

Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi