Yuxarı

Musiqili Teatr "Toy"a hazırlaşır

Toya bir gün qalmış adlı komediyanın məşqlərinə başlanılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının məşqlərinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Musiqili Teatrın mətbuat xidməti məlumat yayıb.

Tamaşanı rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov hazırlayır. Rejissor  “Toya bir gün qalmış” komediyasının günümüzlə səsləşən, aktual problemlərini qabardan bir əsər olduğunu deyib.

“Tamaşanın əsas ideyası “İnsanlara kömək edin, biganəlikdən əl çəkin!” şüarını tamaşaçılara çatdırmaqdır. Qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərara gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda məlum olur ki, əslində kişi ölməyib, sadəcə kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik”.

Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanovadır. Komediyanın premyerası dekabrda olacaq.

Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi