Yuxarı

​Kanadada “Khojaly - No to War” uşaq rəsm sərgisi təşkil edilib

Sərgidə 6-9 yaş arası şagirdlərin, eləcə də yuxarı sinif məktəblilərinin rəsm əsərləri nümayiş etdirilib

Bakı. 3 mart. REPORT.AZ/ 2016-cı ilin 28 fevral tarixində Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan bu ölkədəki səfirliyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən “Khojaly - No to War” (Xocalı - müharibəyə yox) uşaq rəsm sərgisi təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, sərgidə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin 6-9 yaş arası şagirdlərinin əl işləri ilə bərabər, qərargahı Bakıda yerləşən “Addım” qeyri-hökumət təşkilatı tərəfindən təqdim edilmiş Azərbaycan yuxarı sinif məktəblilərinin rəsm əsərləri də nümayiş etdirilib.

Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, Azərbaycanlı və xarici tələbələr, o cümlədən Türkiyə Respublikasının Torontodakı Baş Konsulu Erdeniz Şen də iştirak ediblər.

İlk öncə “Vətən”in direktoru və sərginin təşkilatçısı Lalin Həsənova açılış nitqi söylədikdən sonra sözü Azərbaycan səfirliyinin konsulu Faiq Babayevə verib.

F.Babayev tədbir iştirakçılarına Xocalı dəhşətləri haqqında məlumat vermiş və tədbirin təşkil olunmasında əməyi keçmiş hər kəsə təşəkkürünü bildirib.

Çıxışlardan sonra Mərkəzin şagirdlərinə sertifikatlar təqdim olunmuş və qonaqlar uşaqların əl işləri ilə tanış olmağa dəvət edilib.

Həmçinin, Ontario Əyalətinin London şəhərində yaşayan 12 yaşlı soydaşımız Cəvahir Əl-Şakir tərəfindən “Sarı gəlin” rəqsi də nümayiş etdirilib.

Tədbir çərçivəsində qonaqlara Xocalı faciəsinə aid və uşaqların müharibəyə qarşı hisslərini əks etdirən video çarxlar nümayiş etdirilib, eləcə də iştirakçılara Xocalı faciəsi haqqında broşürlər paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi