Yuxarı

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlayıb

Tədbir I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək məqsədi daşıyır

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-20-də düzənlənəcək II Bakı Beynəlxalq İdman Filmləri Festivalının (BBİFF) öz işinə başlaması ilə əlaqədar Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib. "Report"un məlumatına görə, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko (İtaliya), Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), münsiflər heyətinin üzvi Yusif Şeyxov (Azərbaycan), Gənclər və İdman Nazirliyinin nümayəndəsi, digər qonaqlar və film müəllifləri iştirak ediblər. Konfransda Bakı festivalının proqramı, dəvət olunmuş qonaqlar üçün nəzərdə tutulan proqram, festivala təqdim olunan filmlər və dünyada keçirilən bənzər festivallar barədə verilən suallar cavablandırılıb.

Qeyd edək ki, FİCTS-in üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

II Bakı festivalına 33 ölkədən 115 film daxil olub. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb. Bunlar "Bədii film", "İdman və şəxsiyyət", "İdman və dünya", "TV filmləri" və "Milli film"dir.

Birinci festivalla müqayisədə bu ilki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bunu da I Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.

Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı, Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil olunacaq. Eyni zamanda festivala qatılan film müəllifləri və idman mütəxəssislərinin jurnalistlərlə görüşləri nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi