Yuxarı

Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTO

Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTO

Gəncə. 27 aprel. REPORT.AZ/ Gəncə şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, Festival Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında təşkil olunub.

Aprelin 27-dən 30-dək davam edəcək Festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalda Rusiyanın Dövlət Akademik Böyük Teatrının nümayəndə heyəti ilə təmsil olunur.

Festivalın bədii rəhbəri SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.

Festival çərçivəsində keçiriləcək kamera konsertində Fərhad Bədəlbəyli (piano), Dmitri Yablonski (violonçel, ABŞ), Olga Naqornaya (soprano, Ukrayna), Anastasiya Barun (soprano, Rusiya), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Murad Adıgözəlzadə (piano), Şükür Səmədov (klarnet), Səbinə Əsədova (mezzo-soprano), Fəridə Məmmədova (soprano), Fəridə Rüstəmova (violin), İlahə Sadıxzadə (piano) çıxış edəcəklər.

Festivalın açılış mərasimində Azərbaycanın xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertdə Fərhad Bədəlbəyli (piano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə) və digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndiriləcək. Aprelin 29-da Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Festival aprelin 30-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin konserti ilə başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi