Yuxarı

​“Bölgələrdən paytaxta” adlı yeni layihəyə start verilib

Layihə çərçivəsində Qəbələ, Quba, Şəki və digər rayonların Bakıda mütəmadi tədbirləri keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bölgələrdən paytaxta” adlı yeni layihənin təqdimatı olub.

"Report"un xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Masallıya həsr edilib.

Tədbir iştirakçıları əvvəlcə Masallının sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. O, bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.

Nazir qeyd edib ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə 2015-ci il ərzində Bakı şəhərində ölkənin şəhər və rayonlarının incəsənət ustalarının “Bölgələrdən paytaxta” adlı mədəni tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və bu gün onun icrasına start verilir. Layihə çərçivəsində Qəbələ, Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək.

Layihənin yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacağı bildirilib.

Daha sonra tədbir “Masallı incəsənət ustaları” adlı konsert proqramı ilə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi