Yuxarı

​Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov dünyasını dəyişib

Onun hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov dünyasını dəyişib.

Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti məlumat verib.

Onun hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil.

Azərbaycan yazıçısı, nasir, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960).

O bədii yaradıcılığa 1960-cı illərdən başlayıb. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub. "Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.

Onun "Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədri idi.

O, Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi