Yuxarı

Azərbaycan ​Norveçdə keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

”Muğam” instrumental ansamblı milli musiqi və muğamlardan ibarət proqramla çıxış edib

Bakı. 4 iyun. REPORT.AZ/ Norveçin paytaxtı Oslo şəhərində ənənəvi olaraq hər il təşkil olunan ”Saqene” Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müxtəlif ölkələrin peşəkar və həvəskar musiqiçilərinin, incəsənət ustalarının, aşpazlarının qatıldığı festivalın açılışında Saqene bələdiyyəsinin sədri Helqe Stoltenberq Norveç Azərbaycan Gənclər Təşkilatının fəaliyyətini və festivalın keçirilməsi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Burada Azərbaycan tarixi, turizmi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və "Bakı 2015" I Avropa Oyunlarına dair məlumatlandırıcı broşür, jurnal və kitabçalar nümayiş etdirilib, iştirakçılara paylanılıb. Festivalın musiqili hissəsində isə Oslo Musiqi Akademiyasının tələbəsi Nigar Qafarova Azərbaycanın milli musiqisindən nümunələr ifa edib.

Festivaldan sonra Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Norveçin ikinci böyük şəhəri Berqendə Azərbaycan xalq musiqisi konserti keçirilib. Dünya şöhrətli Norveç bəstəkarı Edvarq Qriqin adını daşıyan akademiyanın Gunnar Səviqs zalında baş tutan konsertdə ”Muğam” instrumental ansamblı milli musiqi və muğamlardan ibarət proqramla çıxış edib.

Qeyd edək ki, festivalda Norveç Azərbaycan Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi 5-ci dəfədir iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi