Yuxarı

Azərbaycan filmi növbəti beynəlxalq mükafatını qazanıb

Nabat 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb

Bakı.17 noyabr. REPORT.AZ/ “Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb. "Report" xəbər verir ki, bu barədə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından məlumat verilib. 

"Nabat" bədii filmi Müstəqil Beynəlxalq Münsiflər Heyətinin nüfuzlu Beynəlxalq Kinotənqidçilər Mükafatına (International Film Critics Prize) layiq görülüb. Münsiflər heyətinin rəsmi rəyinə görə bu mükafat rejissorun müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli və təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı, həm də kənd mənzərəsini alleqoriyaya poetik inkişafını əks etdirməklə film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün təqdim olunub.

Film Müstəqil Beynəlxalq Münsiflər Heyətinin (Independent International Jury) rəyinə əsasən, insan əzmliliyininin hekayəsini təsirli və ümumdünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının Mannheym-Heydelberq Mükafatına (Mannheim-Heidelberg Award) da layiq görülüb. Bu festivalın üç əsas mükafatından biridir.

Bu mükafatlarla yanaşı, Azərbaycan filmi həmçinin Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən, Ecumenical Jury Mükafatına da layiq görülüb.

Mükafatların təqdimat mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi