Xalça Muzeyi sabiq direktorun “Xalq qəzeti”nə verdiyi müsahibə ilə bağlı açıqlama yayıb

Xalça Muzeyi sabiq direktorun “Xalq qəzeti”nə verdiyi müsahibə ilə bağlı açıqlama yayıb “Hər hansı tarixi hadisə haqqında məlumat Muzeyin mətbuat xidməti ilə dəqiqləşdirilməlidir”
Mədəniyyət siyasəti
3 İyun , 2017 13:18
Xalça Muzeyi sabiq direktorun “Xalq qəzeti”nə verdiyi müsahibə ilə bağlı açıqlama yayıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyi bu qurumun sabiq direktoru Röya Tağıyevanın “Xalq qəzeti”nə verdiyi müsahibə ilə bağlı açıqlama yayıb.

Muzeyin mətbuat xidmətindən “Report”a daxil olan açıqlamada deyilir: “Nəzərinizə çatdırırq ki, 1 iyun 2017-ci il tarixində “Xalq qəzeti”ndə, qəzetin əməkdaşı M.Mükərrəmoğlunun “Yarıməsrlik şərəfli yol” adlı məqalədə Azərbaycan Xalça Muzeyinin sabiq direktoru Röya Tağıyeva ilə müsahibəsi dərc olunub. Müsahibə zamanı Azərbaycan Xalça Muzeyinin fəaliyyəti işıqlandırılarkən bir sıra yanlış məlumatlara yol verilib.

Sözügedən müsahibədə qeyd olunur ki, 1 iyun 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyinin 50 yaşı tamam olur, 1972-ci ilin sentyabr ayının 27-də isə muzeyin təntənəli açılış mərasimi keçirilib. Məlum edirik ki, Azərbaycan Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 130 N-li 13 mart 1967-ci il tarixli sərəncamı ilə yaradılıb. 1972-ci ilədək muzeyin kolleksiyasının zənginləşdirilməsi üçün kifayət qədər eksponat toplandıqdan sonra 26 aprel 1972-ci ildə təntənəli surətdə muzeyin ekspozisiyası açılıb. Bu haqda məlumat 27 aprel 1972-ci ildə “Kommunist” qəzetində “Azər.TA” məlumat agentliyi tərəfindən “Xalq yaradıcılığı xəzinəsi” adı ilə dərc edilib.

Bütün bu məlumatlara istinad edərək, bildiririk ki, müsahibəni hazırlamış qəzet əməkdaşı “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamalı olduğu halda qanunun bu tələblərini pozub, məqalədə verdiyi məlumatların doğruluğunu yoxlamayıb, həmin məlumatları muzey ilə razılaşdırmadan dərc edib. Belə ki, Azərbaycan Xalça Muzeyi mütamadi şəkildə KİV nümayəndələri ilə əməkdaşlıq edir, öz fəaliyyəti və tarixi əhəmiyyətli hadisələr haqqında məlumat mübadiləsi aparır. Bu baxımdan Muzeyin fəaliyyəti və tarixinə aid, xüsusilə də keçmiş əməkdaşların xatirələrinə heç bir aidiyyatı olmayan hər hansı tarixi hadisə haqqında məlumat Muzeyin mətbuat xidməti ilə dəqiqləşdirilməlidir. Azərbaycan Xalça Muzeyi dövlət qurumudur və xalqın sərvətidir. Hər bir yanlış məlumat bizim mədəniyyət tariximizə zərər gətirə bilər. Xahiş edirik nəzərə alasınız”.

Son xəbərlər

Orphus sistemi