Vətənpərvərlik ideyasına xidmət edən tamaşanın premyerası olub

Vətənpərvərlik ideyasına xidmət edən tamaşanın premyerası olub Azərbaycan Respublikasının xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun birgə yaratdıqları Bakı Bələdiyyə Teatrını xalqımız və Azərbaycan Ordusunun şəxsi heyəti haqlı olaraq “Döyüşən teatr” kimi tanıyır. 28 il öncə respublikamız müstəqilliyini bərpa etdiyi ilk günlərdə fəaliyyətə başlayan bu yeni teatr Azərbaycan mədəniyyəti tarixində mühüm bir hadisə idi və bu gün də gənclərdə vətənpərvərlik hissinin, Azərbaycan Ordusu şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə mənəvi dəstək olmaq missiyasını uğurla davam etdirir.
Mədəniyyət siyasəti
28 Noyabr , 2019 19:18
Vətənpərvərlik ideyasına xidmət edən tamaşanın premyerası olub

Azərbaycan Respublikasının xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun birgə yaratdıqları Bakı Bələdiyyə Teatrını xalqımız və Azərbaycan Ordusunun şəxsi heyəti haqlı olaraq “Döyüşən teatr” kimi tanıyır. 28 il öncə respublikamız müstəqilliyini bərpa etdiyi ilk günlərdə fəaliyyətə başlayan bu yeni teatr Azərbaycan mədəniyyəti tarixində mühüm bir hadisə idi və bu gün də gənclərdə vətənpərvərlik hissinin, Azərbaycan Ordusu şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə mənəvi dəstək olmaq missiyasını uğurla davam etdirir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, dövlətçiliyinin qorunub saxlanmasında, xalqın ölkə rəhbərliyinin ətrafında daha sıx birləşməsində, hərbi qulluqçularda düşmənə qarşı nifrət hissinin aşılanmasında Bakı Bələdiyyə Teatrının müstəsna xidmətləri var.

Teatrın repertuarının əsasını təşkil edən vətənpərvərlik, cəngavərlik, mübarizlik mövzusunda hazırlanmış tamaşalar hər bir vətən əsgərini qələbələrə, işğal altında olan torpaqlarımızı azad etmək üçün uğurlu döyüş əməliyyatlarına hər an hazır olmağa ruhlandırır. Xalqımız bu ruhun qələbəsini 2016-cı ilin Aprel və 2018-ci ilin May döyüş əməliyyatları zamanı gördü və tarixi yurd yerlərimizə böyük qayıdışın ilk köçünün dönməsinin sevincini yaşayıb.

Birinci Qarabağ müharibəsi illərində teatrın yaradıcı kollektivi tez-tez cəbhə bölgələrində olur, döyüşçülərimizin asudə vaxtlarının səmərəli təşkilinə yardımçı olur, mərmilər və güllə yağışı altında nümayiş etdirilən tamaşalarla Vətən əsgərinin döyüş ruhunu və qələbə əzmini daha da artırırdılar. Unudulmaz sənət fədailərimizin qızı Aynur Muxtarovanın rəhbərlik etdiyi teatr bu gün də varislik ənənələrini layiqincə davam etdirir.

Bir neçə gün öncə “Nəsimi” tamaşası ilə pərəstişkarlarını sevindirən teatr bu gün “Çingiz dastanı” adlı iki hissəli mənzum tamaşa ilə yeni bir uğura imza atıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tamaşanın premyerasında Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, qoşun növlərinin, Bakı qarnizonun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müharibə veteranları və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tamaşa başlamazdan öncə şəhidlərin xatirəsi ehtiramla yad edilib. Nəzərə çatdırılıb ki, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin eyniadlı mənzum dramı əsasında hazırlanan bu tamaşa Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Qurbanovun 25 illiyinə teatrın töhfəsidir.

Çingiz 22 il ömür yaşayıb. Lakin qısa və şərəfli ölümü ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə yazdı. O, xalqımızın qəhrəman oğlu, ordumuzun əfsanəyə çevrilmiş giziri Mübariz İbrahimovun qəhrəmanlığını təkrarlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Çingiz Qurbanovun valideynlərini qəbul edərkən dediyi fikirlər bugünkü Azərbaycan əsgərinə, Azərbaycan gəncinə ölkə rəhbərinin verdiyi ən yüksək qiymətdir: “Əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə gəlmişdi. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik, bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir. Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır”.

Bakı Bələdiyyə Teatrının qəhrəmanlıq mövzusuna müraciət etməsi təqdirəlayiqdir və zamanın tələbidir.

Tamaşada Çingiz obrazını istedadlı aktyor İlqar Musayev canlandırır. Əsas rollarda əməkdar artistlər Səmayə Sadıxova, Əfqan Soltanov, Aydın Əliyev, Hüsniyyə Mürvətova, Elxan Rza, aktyorlardan İsmayıl Atakişiyev, Asif Rəhimov, Toğrul Rza və Əzizə Həşimova çıxış edirlər. Kütləvi səhnələrdə isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi yer alıb.

Tamaşa birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı bölgələrdə də nümayiş etdiriləcək.

“Çingiz dastanı”nın premyerasından sonra millət vəkili Aydın Mirzəzadə, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov və başqaları tamaşanın aktuallığını, aktyorların uğurlu çıxışını və bu əsərin gənc nəslin xalqımızın qəhrəmanlıq ənənələri ruhunda yetişməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyinə əminliklərini bildirib və yaradıcı kollektivə minnətdarlıq ediblər.

Bir neçə gün öncə Prezident, Ali Baş Komandan İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən mərasimdə dediyi “Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır” kəlamları xatırlanıb və bugünkü tamaşanın da məhz bu ideyaya xidmət etdiyi üçün yüksək dəyərləndirilib.

Şəhid atası Salman Qurbanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə, Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinə, bütün iştirakçılara və tamaşaçılara ən yüksək fəxri ada layiq görülən oğlu Çingiz Qurbanovun xatirəsini əziz tutduqlarına, göstərilən diqqət və qayğıya görə Milli Qəhrəmanın ailə üzvləri adından minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi