Yuxarı

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb.

"Report"un məlumatına görə, bağlanış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı forumu dünya miqyasında özünəməxsus, hörmətli və nüfuzlu yer tutur.

Nazir bildirib ki, bu cür yanaşma dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanlara həm ölkədəki mövcud reallıqlarla tanış olmaq imkanı verir, eyni zamanda bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmağa imkan yaradır: "Forumun hazırlıq dövründə xüsusi beyn mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var. Onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar".

Ə.Qarayev qeyd edib ki, "Bakı prosesi"nin uğuru burada elm dairələri birləşdirən mütəxəssislərin, təcrübə ilə məşğul olan, dövlət siyasətini müəyyənləşdirən qurumların nümayəndələrinin, eləcə də qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsinin iştrak etməsidir: "Bu vəhdətlik mədəniyyətlərarası dialoq mövzusunun bütün cəmiyyətlər üçün aktual olduğunu əyani sübut edir".

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos bildirib ki, beynəlxalq arenada mühüm dövr başlayıb: "Bakı prosesi çərçivəsində biz çoxtərəfliliyə nail olduq. Biz gənc, orta sinif təbəqəsinə diqqət yetirməliyik, dərin islahatlar aparmalıyıq, öz işimizdə vacib elementləri əks etdirməliyik. Multikultralizm bizi irəliyə doğru səsləyir. Süni zəka dövründə dialoq kənarda qalmalı deyil. Yekun nəticədə insanlar arasında təmas olmalıdır". 

YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif deyib ki, əməkdaşlıq çərçivəsində daha çox işləmək olar: “Biz burada müzakirələr aparırıq, lakin müzakirə etdiyimiz insanları, münaqişənin qurbanlarını da bir araya gətirmək mühüm məsələdir. Ümid edirəm ki, gənc insanlarla müzakirələrimiz gələcəkdə də davam edəcək. Bununla da gələcəkdə həyata keçirəcəyimiz bir sıra məsələlərə aydınlıq gətirə biləcəyik". 

İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri qeyd edib ki, müharibə çıxış yolu deyil, dialoq qurulmalıdır. "İnsana xas olan davranış sərgiləməliyik. Biz gənc nəsilləri maarifləndirməliyik, onlarla iş aparmalıyıq, onlara yaxşı, nəcib işləri öyrətməliyik. Bu gün dünyada terror aktları törədilir, bu, bizi şoka salır. Dünya səviyyəsində, icmalar arasında fərqlər var, yoxsul, varlı təbəqə var. Çalışırıq ki, çıxış yolunu tapaq”.

BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Manuel Butler Halter bildirib ki, turizmdə son illərdə ciddi şəkildə təhlillər, araşdırmalar aparılıb, sosial aspektlər təhlil edilib: “Turizm hamımızı etibarlı, açıq düşüncəli olmağa kömək edir. Biz turizmlə daha yaxşı cəmiyyət formalaşdırmağa nail ola bilərik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi