Ukrayna dövlət televiziyası "Bakı 2015"lə bağlı silsilə sənədli filmlər nümayiş etdirəcək
Ukrayna dövlət televiziyası "Bakı 2015"lə bağlı silsilə sənədli filmlər nümayiş etdirəcəkDövlət televiziyası Avropa Oyunlarına 100 saatdan artıq efir vaxtı ayırıb
Bakı. 26 iyun. REPORT.AZ/ Ukrayna dövlət televiziyası “Bakı 2015” I Avropa Oyunlarının iştirakçıları haqqında sənədli film yayımlayacaq. “Report” televiziyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, televiziya filmi 6 hissədən ibarətdir. Hər bir 20 dəqiqəlik hissə Ukrayna yığmasının ayrı-ayrı üzvlərindən və məşqçilərindən bəhs edəcək. Filmdə idmançıların I Avropa Oyunlarına hazırlığı, Bakıdakı çıxışları, mükafatçıların və qaliblərin müsahibələri yer alacaq. İlk Avropa oyunlarından bəhs edən sənədli filmin Ukrayna dövlət kanalında iyunun 30-dan başlayaraq çərşənbə axşamları yayımlanması nəzərdə tutulur. Filmin ilk hissəsində sambo, stolüstü tennis, velosport, atıcılıq və idman gimnastikası üzrə Ukraynanı “Bakı 2015” I Avropa Oyunlarında təmsil edən idmançılardan bəhs olunacaq.
Qeyd edək ki, Ukrayna dövlət televiziyası “Bakı 2015” ilk Avropa Oyunlarına 100 saatdan artıq efir vaxtı ayırmaqla yanaşı, Oyunlarla bağlı 20 veriliş, 2700 reklam çarxı yayımlamaqdadır.