Yuxarı

"Üç üz" filminin Azərbaycan premyerası olub

"Üç üz" filminin Azərbaycan premyerası olub
© Report/ Firi Salim

Bakı. 17 noyabr. REPORT.AZ/ "CinemaPlus" kinoteatrında Bakıda keçirilən IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerası olub.

"Report" xəbər verir ki, premyerada incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.

Film 71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub.

Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif mərhələlərini yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq saxlayıb, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.

Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və Cəfər Pənahinin özü ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi, bu ekran əsərində də ana dilinə geniş yer verib. Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub. Buna baxmayaraq, “Üç üz” filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyib: “Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir”.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi