Yuxarı

Teatr rəhbərləri: Maaş artımı adi işçidən xalq artistinə qədər bütün kollektivə şamil olunub

Prezident İlham Əliyev martın 5-də “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncam imzalayıb. Dövlət başçısı martın 11-də isə "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Bununla da teatr və konsert müəssisələrində çalışanların əməkhaqları 50 faiz artırılıb. Bəs, görəsən, teatr rəhbərləri ölkə başçısının sərəncamlarını necə qarşılayıb? Ümumiyyətlə, Prezidentin sərəncamından sonra teatrların fəaliyyətində hansı dəyişikliklər gözlənilir?

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev “Report”a açıqlamasında bildirib ki, teatr və konsert müəssisələri işçilərinin vəzifə maaşlarının 50 faiz artırılması ölkə rəhbərliyinin yaradıcı adamlara verdiyi dəyərin göstəricisidir: “Cənab Prezidentin rəhbərlik etdiyim teatra “akademik” statusun verilməsi və ardınca teatr əməkdaşlarının maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar kollektivimizin sevincinə səbəb olub. Bu, Novruz bayramı ərəfəsində verilmiş böyük bir hədiyyədir. Hesab edirəm ki, bundan böyük sevinc ola bilməz. Sevincimzi sözlə ifadə etmək mümkün deyil. Mən teatr və konsert müəssisələrində çalışan bütün yaradıcı insanların adından Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Təbii ki, bütün bunlar ölkə rəhbərliyinin yaradıcı adamlara verdiyi dəyərin əlamətidir. Biz həmişə Prezident İlham Əliyevin yanında olmuşuq, onun siyasətini dəstəkləmişik. İnanırıq ki, biz də yaradıcılıq fəaliyyəti ilə dövlət başçısının etimadını doğrulda bilmişik. Bundan sonra da tamaşaları, konsertləri yüksək keyfiyyətlə və ciddi məsuliyyətlə hazırlayacağıq, ifa tərzi və digər fəaliyyətlərimizdə məsuliyyət hissi daha da artacaq”.

Direktorun sözlərinə görə, əməkhaqlarının yüksək olması yaradıcı insanlara əlavə stimul verir: “Əvvəllər yaradıcı şəxslər maddi durumlarına görə bir neçə teatr müəssisəsində işləməyə məcbur idilər. Bu da onun fəaliyyətində keyfiyyətin aşağı düşməsinə səbəb olurdu. Çünki yarımçıq fəaliyyətlə heç nə alınmır. Hesab edirəm ki, əməkhaqlarının artırılması həm işçilərin, həm də müəssisələrin fəaliyyətində müsbət dəyişikliklər yaradacaq. Eyni zamanda yaradıcı şəxslərin bundan sonra daha məsuliyyətlə çalışacağına inanıram”.

Ə.Lalayev bildirib ki, maaş artımı Azərbaycan Dövlət Musiqili Teatrının bütün kollektivinə şamil olunub: “Bizim teatrın 350-yə yaxın əməkdaşı var. Maaş artımı da onların hamısına şamil olunur. Təsəvvür edin ki, 350 nəfər işçinin xeyli sayda ailə üzvləri də var. Görün, bu sərəncam nə qədər adamın sevincinə səbəb olub”.

Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemətov “Report”a deyib ki, maaşların artırılması özünün və rəhbərlik etdiyi kollektivin sevincinə səbəb olub: “Buna necə sevinməmək olar!? Buna görə də Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə, Azərbaycan xalqına verdiyi dəyərə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk”.

A.P.Nemətov vurğulayıb ki, maaş artımı Akademik Milli Dram Teatrının bütün kollektivinə şamil olunub: “Bizim 262 nəfər işçimiz var. Maaş artımı süpürgəçidən xalq artistinə qədər bütün kollektivə şamil olunub. Biz bundan sonra daha da məsuliyyətlə çalışacağıq”.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov isə “Report”a deyib ki, Prezident İlham Əliyevin teatr və konsert müəssisələri əməkdaşlarının maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncam Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında analoqu olmayan addımdır: “Eyni zamanda dövlət başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşməsi, daha sonra teatr sahəsinə aid sərəncamlar imzalaması onun yaradıcılığa və yaradıcı adamlara göstərdiyi qayğının bariz nümunəsidir. Buradan açıq-aşkar görünür ki, sənət adamlarının sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının xüsusi nəzarətindədir. Bizim çoxdan gözlədiyimiz an çatdı və mədəniyyət adamlarının Prezidentlə görüşü baş tutdu. Eyni zamanda həmin görüşdə dövlət başçısı ilə mədəniyyət və incəsənət xadimləri arsında aparılan fikir mübadiləsi, səmimi söhbətlər bir daha sübut etdi ki, mədəniyyət və incəsənət adamlarına dövlət səviyyəsində qiymət verilir. Hətta Prezidentin bu görüşlərin gələcəkdə də davam etdiriləcəyini deməsi bizə böyük stimul verib”. 

B.Osmanovun sözlərinə görə, Prezidentin sərəncamının böyüklüyü maaş artımının ölkədə mövcud olan bütün teatr və konsert müəssisələri işçilərinin əməkdaşlarına şamil olunmasıdır: “Prezident bununla da ayrı-seçkilik etmədiyini və bütün sənət adamlarına önəm verdiyini nümayiş etdirdi. Maaş artımı Gənc Tamaşaçılar Teatrında çalışan 240-a yaxın əməkdaşa şamil olunub. Bundan sonra teatrın fəaliyyət istiqamətində müsbət dəyişikliklər olacaq. Biz bu vaxta qədər məsuliyyətlə çalışmışıq, eləcə də bundan sonra da məsuliyyətlə fəaliyyət göstərəcəyik. Bizim teatrımız hər zaman canlı teatr olub. Bunu biz yox, qonaqlar və tamaşaçılarımız deyib. İndi isə bizə dövlət tərəfindən ruh yüksəkliyi və stimul verilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi