Yuxarı

Tbilisidə azərbaycanlı gənc rəssamın ilk fərdi sərgisi açılıb

Tbilisidə azərbaycanlı gənc rəssamın ilk fərdi sərgisi açılıb
© Report

Tbilisi. 22 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Fuad Babazadənin ilk fərd sərgisi açılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sərgidə rəssamın 30-a yaxın rəsm əsəri təqdim olunub.

F.Babazadə jurnalistlərə müsahibəsində Tbilisidə doğulduğunu və uşaqlıqdan rəssamlığa böyük marağının olduğunu deyib: “Tbilisi İncəsənət Akademiyasını bitirmişəm. Sərgidə mənzərə, portret və natürmort janrında olan əsərlərim nümayiş etdirilir. Onların arasında Azərbaycanın görkəmli şəxsiyyətləri olan Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazehin portretləri də var. Hər iki böyük mütəfəkkir Tbilisidə yaşayıb-yaradıb və dostluq ediblər. Onlar Azərbaycan və Gürcüstan xalqları arasında dostluq simvolları olublar. Gələcəkdə azərbaycanlı və gürcü yazıçı və şairlərin portretlərini çəkməyi davam etdirəcəm”.

Tədbirdə iştirak edən Gürcüstanın Rəssamlar İttifaqının sədri Quram Tsertsvadze F.Babazadənin əsərlərini yüksək qiymətləndirərək onu ilk sərgisi münasibətilə təbrik edib: “Fuad Babazadə Tbilisi İncəsənət Akademiyasını uğurla bitirib və o, çox istedadlı rəssamdır. Biz onu Rəssamlar İttifaqının üzvlüyünə qəbul etmişik. Gənc rəssamın sərgisi dost və qardaş ölkələr olan Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına bir töhfədir”.

Sərginin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstanın tanınmış incəsənət xadimləri, ziyalıları, azərbaycanlı gənclər və məktəblilər iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi