Tbilisi şəhər şurasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib - FOTO

Tbilisi şəhər şurasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib - FOTO Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sakrebulosunda (şəhər şurası) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
22 Mart , 2019 16:38
Tbilisi şəhər şurasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib - FOTO
Report

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sakrebulosunda (şəhər şurası) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bayram mərasimində sakrebulo rəhbərliyi, deputatlar, dövlət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, gənclər iştirak ediblər.

Tbilisi sakrebulosunun majoritar deputatı Rima Beradze tədbiri açıq elan edərək Gürcüstanın azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib: “Novuz bayramı Azərbaycan xalqının mədəniyyətini parlaq şəkildə əks etdirir. Gürcüstan və Azərbaycan xalqları dost və qardaş xalqlardır. Bayram münasibətilə hər birinizi təbrik edərək sizə firavanlıq və bol ruzi-bərəkət arzu edirəm”.

Tbilisi sakrebulosunun sədri Giorgi Tkmeladze Novruz bayramına həsr olunmuş tədbirin şəhər şurasında keçirilməsinin əhəmiyyətli olduğunu bildirib: “Gürcülər Novruz bayramını azərbaycanlı həmvətənliləri ilə birgə qeyd edirlər. Bugünkü tədbir bir daha sübut edir ki, Gürcüstan və Azərbaycan arasında mədəni münasibətlər daha da dərinləşir”.

Gürcüstanın elm, təhsil, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze öz növbəsində Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahisina daxil edildiyini xatırladıb. O, Novruz bayramının Gürcüstanda hər il xüsusi təntənə ilə qeyd olunduğunu bildirərək azərbaycanlıları bayram münasibətilə təbrik edib.

Daha sonra çıxış edən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Tbilisi şəhər şurasına Novruz bayramı ilə bağlı tədbirin təşkilinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Bu mərasim bir daha sübut edir ki, Azərbaycan və Gürcüstan mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır”.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev də çıxış edərək tədbirin təşkilinə görə Tbilisi sakrebulosuna minnətdarlığını bildirib və Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıb.

Tədbirdə L.Əliyeva və “Ceyran” rəqs ansamblının rəhbəri Ceyran Qurbanova Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə verdikləri xüsusi töhfəyə görə sertifikatlarla təltif olunublar. Bununla yanaşı, L.Əliyevaya Gürcüstanın əməkdar mədəniyyət işçisi fəxri adının verildiyi də elan olunub.

Bayram tədbiri Azərbaycanın “Sarı gəlin” və digər milli rəqsləri və aşıq mahnıları ilə davam etdirilib. Mərasim çərçivəsində Azərbaycanın milli xalça növləri, sənətkarlıq nümunələri və musiqi alətləri sərgilənib.

Sonda mərasim iştirakçıları Azərbaycan milli mətbəx nümunələrindən dadıblar.

Son xəbərlər

Orphus sistemi