Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın Koreya Respublikasındakı səfirliyində Seul Beynəlxalq Qadın Assosiasiyasının üzvlərinin iştirakı ilə mədəni əlaqələrə dair tədbir keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, səfir Rəmzi Teymurov qonaqlara Azərbaycan, eyni zamanda Azərbaycan-Koreya ikitərəfli əlaqələri barədə qısa məlumat verib.
Daha sonra Azərbaycan tarixi və mədəniyyətinə dair təqdimat, eləcə də Azərbaycan barədə qısa film nümayiş etdirilib. Qonaqlar Azərbaycanın milli şirniyyatları olan şəkərbura və paxlavanın, Azərbaycanda istehsal olunan meyvə şirələrinin dadına baxıblar.
Azərbaycan tarixi, mədəniyyəti və turizmi barədə broşurlar təşkilat üzvləri arasında paylanılıb.