Yuxarı

Serbiyada Azərbaycan Xalça Muzeyinin yubileyinə həsr olunmuş sərgi keçirilib

Serbiyada Azərbaycan Xalça Muzeyinin yubileyinə həsr olunmuş sərgi keçirilib
Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərginin açılış mərasimi baş tutub

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş illik əməkdaşlıq memoranduma əsasən davam edən əməkdaşlığın davamı olaraq, Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərginin açılış mərasimi keçirilib.

Azərbaycan Xalça Muzeyindən "Report"a verilən məlumata görə, sərgi Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunub.

Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, sərginin dizayneri isə tanınmış avstriyalı memar Kristian Şturmingerdir.

Açılış mərasimində Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, digər dövlət qurumlarının, bu ölkə ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Belqrad Etnoqrafiya Muzeyinin direktoru Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru xanım Şirin Məlikova, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru xanım Zərifə Əlizadə, Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi Azərbaycan-Serbiya mədəni əməkdaşlığından bəhs edərək, Serbiyanın Pirot kilimlərinin ötən il Bakıda, Azərbaycanın xalça muzeyinin eksponatlarının isə bu il Belqradda nümayiş etdirilməsinin bu əməkdaşlığa töhvə verdiyini, xalqlarımızın yaxınlaşmasına və mədəniyyətlərimizdə olan oxşarlıq və fərqliliklərlə tanış olmasına xidmət etdiyini bildiriblər.

“Əvəzolunmayan dəyərlər” sərgisinin əsas məqsədi muzeyin 50 illik yubileyi ərəfəsində Azərbaycan Xalça Muzeyinin nadir və zəngin kolleksiyasını layiqincə təmsil etmək və dünyaya tanıtmaqdır.

Qırx yeddi ədəd eksponatdan ibarət sərgidə XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam, xalça elminin və Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, eyni zamanda XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur. Üç vitrin üzrə nümayiş olunan xalçaların əhalinin müxtəlif təbəqələrinin həyatındakı gündəlik rolu və mənəvi estetik aspekti tərənnüm edilir.

Tədbir zamanı Azərbaycanın Serbiyadakı Səfirliyinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin ifasında Azərbaycanın xalq mahnısı “Bu gün ayın üçüdür”, Tofiq Quliyevin “Sənə də qalmaz” və “Bax gəlib ilk bahar” mahnıları və Bayatı-Şiraz muğamı səsləndirilib.

İyul ayının 1-dək davam edəcək sərginin açılış mərasimi və zəngin mədəniyyətimizin incisi olan qədim xalça nümunələrimiz serb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və tədbir Serbiya mətbuatında işıqlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi