Yuxarı

Səfirliyin mədəniyyət müşaviri: "Türkiyənin Azərbaycandan öyrənəcəyi çox şey var" - MÜSAHİBƏ

Səfirliyin mədəniyyət müşaviri: "Türkiyənin Azərbaycandan öyrənəcəyi çox şey var" - MÜSAHİBƏ
İrfan Çiftçi: 1915-1920-ci illər arasında olan dövrdən bəhs edən bir film və ya serial çəkiləcək
© Report — Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi "Report"un suallarını cavablandırıb. İrfan Çiftçi ilə müsahibəni təqdim edirik 

- Tükiyə və Azərbaycan arasında mədəni əlaqələr hazırda hansı səviyyədədir?

- Türkiyə ilə Azərbaycan mədəniyyət baxımından bir-birilərini populyar səviyyədə çox yaxşı tanıyırlar, ancaq dərinliklərə getdikdə ciddi bir zəiflik yaranır. Yəni Azərbaycanın dərin mədəniyyətini Türkiyə çox az bilir. Çünki Türkiyədə Azərbaycanşünaslıq zəifdir. Azərbaycanda da eyni şəkildə Türkiyəşünaslıq zəifdir. Azərbaycanın məşhur müğənniləri hər yerdə tanınır, ancaq Türkiyədə çox az insan Cabbar Qaryağdıoğlunu, Üzeyir Hacıbəyovun bəstələrini tanıyır. Eyni zamanda Azərbaycanda da Dede Efendini, yaxud Türkiyənin elit bir şairini tanıyan çox az insan var.

- Bəs bu vəziyyətin aradan qaldırılması üçün nə kimi tədbirlər görülür?

- Dərin əlaqələrin yaranması üçün özəl seminarlar həyata keçiririk. Türkiyədən Azərbaycana yazarlar dəvət edirəm, eyni zamanda buradan Türkiyəyə göndərirəm. Bununla yanaşı, rəssamlıqla bağlı fəaliyyətlərimiz var. Türkiyə-Azərbaycan rəssamlar görüşü həyata keçirdik. Daha yaxın iş birliklərinin qurulması və ortaq fəaliyyətlərin icra edilə bilməsi üçün çalışırıq. Çünki burda Azərbaycanın bir çox üstünlükləri var.

- Hansı üstünlükləri nəzərdə tutursunuz?

- Rəsm, heykəltəraşlıqda, plastik, vizual sənətlərdə və musiqidə Azərbaycan çox irəlidədir. Türkiyənin buradan öyrənəcəyi çox şey var. Başqa sahələrdə isə Azərbaycan Türkiyədən çox şey öyrənə bilər. Bunları bir araya gətirmək üçün imkanlar yaradırıq. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox fəaliyyətlərimiz olacaq. Bu bizim həmrəyliyimizin 100 illiyidir. Bununla bağlı böyük sərgi, rəsm, ədəbiyyat, film və s. kimi layihələrimiz var. Layihələrin bir qismi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Sentyabrdan etibarən sıx fəaliyyətlərimiz olacaq.

- Film dediniz. Mövzusu nə olacaq?

- Mövzusu qardaş köməyi ilə bağlı olacaq. Bu, 1915-1920-ci illər arasında olan dövrdən bəhs edən bir film və ya serial olacaq. Film türk dilində olacaq. Yayımlanacağı yer isə hələ ki, bəlli deyil. Filmdə Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, Atatürk, Nəriman Nərimanov və s. kimi şəxslər və hadisələr əks olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi