Romada “Odlar Yurdunun səsləri və ritmləri” adlı konsert keçiriləcək

Romada “Odlar Yurdunun səsləri və ritmləri” adlı konsert keçiriləcək Tədbir Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub
Mədəniyyət siyasəti
19 May , 2017 20:52
Romada “Odlar Yurdunun səsləri və ritmləri” adlı konsert keçiriləcək

Bakı. 19 may. REPORT.AZ/ Romanın “Salone Margherita” Teatrında mayın 24-də Respublika günü və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ölkəmizin İtaliyadakı Səfirliyinin təşkilatçılığı ilə “Odlar Yurdunun səsləri və ritmləri” adlı Azərbaycan musiqisi və milli rəqslərindən ibarət konsert keçiriləcək.

Səfirlikdən "Report"a verilən məlumata görə, konsertdə Azərbaycan klassik musiqisinin banisi olan Üzeyir Hacıbəyov tərəfindən 1936-cı ildə yaradılmış Azərbaycan Dövlət Filarmoniyası nəzdində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak edəcək.

Ansambl Azərbaycan və digər ölkələrdə müvəffəqiyyət qazanıb və yaranmasından 80 il sonra da dünyaya öz əsərlərini tanıtmaqla yaradıcılıq uğurlarını davam etdirir.

Ümumiyyətlə, Azərbaycanda musiqinin rolu hər zaman əvəzolunmaz olub, məhz buna görə də Şərqdə müsəlman dünyasının ilk operası 1908-ci ildə Azərbaycanda yaranıb. Müsəlman dünyasının ilk qadın ifaçısı da XX əsrin ilk onilliyində İtaliyada, Milanda təkmilləşmiş azərbaycanlı Şövkət Məmmədova və 1972-ci ildə müsəlman dünyasında opera bəstələyən ilk qadın azərbaycanlı Şəfiqə Axundova olub.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının əsası qoyulub. Onun varlığı 23 ay - 1920-ci il aprelin 28-də bolşevik ordusunun işğalına kimi davam edib, amma bu müddət 1991-ci ildə müstəqilliyin bərpası üçün lazım olan zəmini yaratmağa kifayət edib. Azərbaycan qadınlarına səsvermə hüququnun tanınması, çoxpartiyalı parlament və bir çox başqa təşəbbüslər ölkənin demokratik əsaslarının təsdiqidir.

Son xəbərlər

Orphus sistemi