Yuxarı

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
Müşavirədə regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub, bir sıra təkliflər səslənib

Bakı. 24 fevral. REPORT.AZ/ Ağdaş rayonunda fevralın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunan ilk geniştərkibli müşavirə keçirilib.

Bu barədə "Report"a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, eləcə də məsul əməkdaşları qatılıb. Tədbirdə 2017-ci ilin iki ay ərzində fəaliyyət göstərən regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Ə.Qarayev müşavirəni açaraq ölkədə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, yerlərdə 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.

Nazir vurğulayıb ki, mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün qarşıdakı aylarda da islahatlar davam etdiriləcək: "Ortaya çıxan çətinliklərin həll edilməsi, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır. Həmçinin regional mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərin mübadiləsinin təşkili, həmçinin kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması kimi məsələlərə də xüsusi önəm verilməlidir".

Ə.Qarayev regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini xüsusi qeyd edib. O bildirib ki, bunun üçün regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Regional mədəniyyət və turizm idarələrinin saytları yaradılmalı, sosial şəbəkələrdə səhifələri açılmalı və bu istiqamətdə aktiv fəaliyyət göstərilməlidir.

Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, ölkəyə təşrif buyuran qonaqların mədəni istirahətinin təşkil üçün rəngarəng mədəniyyət proqramları, müvafiq layihələr reallaşdırılır.

Həyata keçirilən bu tədbirlər bu il ərzində də davam etdiriləcək. Bu ilin mayında Azərbaycanda IV İslam Həmrəylik Oyunları, iyunda “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar keçiriləcək. Yeni yaradılan mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turistik imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə fəal qatılmalıdır.

Müşavirədə regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub, bir sıra təkliflər səslənib. Həmçinin regional mədəniyyət və turizm idarələrinin fəaliyyətindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər nəzərdən keçirilib, mövcud problemlərə dair fikir mübadiləsi aparılıb. Nazir idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi