Yuxarı

Qubada Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi” keçirilib

Qubada Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi” keçirilib

Bakı. 4 iyun. REPORT.AZ/ “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qubada Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi” keçirilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, vikidüşərgə müddətində vikipediyaçılar üçün təlimlər keçirilib, iştirakçılar həm Azərbaycan, həm də digər dillərdəki vikipediyalarda məqalələr yaradaraq redaktələr ediblər. 

Bundan başqa, Vikipediya və digər əlaqəli vikilayihələr üçün ortaq fayl anbarı olan Vikianbara yükləmək məqsədilə Quba rayonunun tarixi-mədəniyyət abidələrinə, bunlardan əlavə, Quba Heydər Əliyev Mərkəzinə, Quba Soyqırımı Memorial Kompleksinə və Quba Tarix-Diyarşünaslıq Muzeyinə səfər edərək fotoşəkillər çəkiblər.

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev bildirib ki, düşərgəyə 35 iştirakçı seçilib və düşərgə dövründə qarşıya qoyulan məqsədlərə nail olunub.

Düşərgənin təşkilində əsas məqsədlər Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması, Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi, Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində Azərbaycanla bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi